Ordu.az xəbər verir ki, tədbir geniş iştirak və yüksək həcmli iş əlaqələri ilə sektorun aparıcı qlobal görüşlərindən biri olmağı hədəfləyir.
Ümumi 400 min kvadratmetrlik sahədə keçiriləcək sərgidə 120-dən çox ölkədən iştirak gözlənilir. Təşkilatda 263-ü beynəlxalq olmaqla 1700-dən çox şirkət yer alacaq.
Sərginin 200 mindən çox ziyarətçi və 30 mindən artıq sektor peşəkarını qəbul edəcəyi proqnozlaşdırılır. Açıq sərgi sahəsi isə 20 min kvadratmetrlik bölmə ilə sərginin mühüm elementlərindən birini təşkil edəcək.
Milyardlarla dollarlıq razılaşma hədəfi
SAHA 2026 çərçivəsində 30 mindən çox B2B görüşün keçirilməsi planlaşdırılır. Təşkilat müddətində 203 yeni məhsul təqdimatı və 4 milyard dolları ixrac yönümlü olmaqla ümumilikdə 164 imza mərasiminin keçirilməsi hədəflənir.
Bu rəqəmlərin əvvəlki tədbirlə müqayisədə mühüm artıma işarə etdiyi bildirilir.
Yeni nəsil texnologiyalar nümayiş olunacaq
Sərgi çərçivəsində avtonom sistemlər, süni zəka dəstəkli həllər və qabaqcıl müdafiə platformaları nümayiş etdiriləcək. İnsansız quru platformaları və silah sistemləri xüsusi hazırlanmış marşrutlarda canlı nümayişlərlə təqdim olunacaq.
Dəniz platformaları da təşkilatın önə çıxan başlıqları arasında yer alacaq. TCG “Anadolu” başda olmaqla Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Ataköy Marina və Sarayburnunda ziyarətçilərin üzünə açılacaq.
Beynəlxalq iştirak diqqət çəkir
Sərgiyə 140-dan çox rəsmi heyət, 800-dən artıq heyət üzvü və 200-dən çox ticarət satınalma heyəti nümayəndəsinin qatılması gözlənilir. Bundan əlavə 25-dən çox xarici nazirin və çox sayda yüksək səviyyəli hərbi rəsmilərin tədbirdə iştirak edəcəyi bildirilir.
Proqram çərçivəsində 17 beynəlxalq panel və “Space Talks” sessiyaları keçiriləcək.
İnvestisiya və startap ekosistemi ön plana çıxır
SAHA 2026-da investisiya ekosistemi mühüm yer tutacaq. Beynəlxalq investisiya fondları, maliyyə qurumları və NATO ilə əlaqəli startap proqramlarının sərgidə yer alması planlaşdırılır.
KOBİ-lər və startap şirkətlərinə xüsusi sahələr ayrılarkən, bu şirkətlərin beynəlxalq investorlarla birbaşa təmas qurması hədəflənir.
Kosmos texnologiyalarına xüsusi sahə
Sərgi çərçivəsində yaradılacaq Kosmos Stendi və “Space Dome” sahəsi ilə kosmos texnologiyaları ayrıca başlıq altında müzakirə olunacaq. “Space Talks” sessiyalarında sektorun gələcəyi və əməkdaşlıq imkanları qiymətləndiriləcək.
Qlobal görüş nöqtəsi
SAHA 2026-nın müdafiə, aviasiya və kosmos sahələrində texnologiya, investisiya və əməkdaşlığı bir araya gətirən çox təbəqəli platforma kimi mövqeləndiyi bildirilir. Tədbirin Türkiyənin müdafiə sənayesi ekosistemini qlobal miqyasda gücləndirməsi və yeni əməkdaşlıqlara zəmin hazırlaması hədəflənir.
Sevinc Əliyeva
Ordu.az