Uzun müddətdir döyüş meydanında üstünlük təşkil edən yüngül FPV pilotsuz uçuş aparatlarından sonra artıq daha yüksək daşıma qabiliyyətinə malik və radioelektron mübarizə şəraitinə qarşı daha dayanıqlı kamikadze platformalar ön plana çıxmağa başlayır. Ukraynada yerləşən “SkyRiper” tərəfindən hazırlanmış “Minotaur” da bu transformasiyanın yeni nümunələrindən biri kimi seriyalı istehsal mərhələsinə keçib.
Şirkət 15 düymlük sinfə məxsus “Minotaur” FPV kamikadze pilotsuz uçuş aparatının seriyalı istehsala buraxıldığını açıqlayıb. Ağır sinfə məxsus FPV kamikadze pilotsuz uçuş aparatı kimi hazırlanmış platforma xüsusilə gücləndirilmiş hədəflər, zirehli texnika və logistika qovşaqları kimi daha dayanıqlı obyektlərə qarşı istifadə olunmaq üçün optimallaşdırılıb. İlk istehsal partiyasının sahədə aparılan sınaq və əməliyyat qiymətləndirmələrini uğurla tamamladığı bildirilib.
5 kiloqrama qədər sursat daşıya bilir
“Minotaur”un ən diqqətçəkən cəhətlərindən biri FPV pilotsuz uçuş aparatı seqmentində adi göstəricilərdən yüksək yükdaşıma qabiliyyətinə malik olmasıdır. Platformanın 2 ilə 5,5 kiloqram arasında dəyişən faydalı yük daşıya bildiyi, maksimal uçuşa qalxma çəkisinin isə 14 kiloqram səviyyəsinə çatdığı bildirilir. Bu quruluş pilotsuz uçuş aparatının yalnız yüngül hədəflərə deyil, eyni zamanda qorunan mövqelərə və möhkəmləndirilmiş müdafiə nöqtələrinə qarşı da istifadə olunmasına imkan verir.

Əməliyyat mənzili 25 kilometrə qədər çatan sistem təxminən 22 dəqiqəlik uçuş müddəti ilə fəaliyyət göstərə bilir. Pilotsuz uçuş aparatı bu mənzil ilə ön cəbhə və intensiv döyüş bölgəsi arasında yerləşir, yəni radioelektron mübarizə, artilleriya və hava hücumundan müdafiə sistemlərinin kəsişdiyi riskli əməliyyat zonasındadır.
LTE əsaslı bağlantı
“Minotaur”un önə çıxdığı sahələrdən biri də klassik FPV idarəetmə sistemlərindən fərqli olaraq UMTS/LTE (3G/4G) əsaslı rabitə infrastrukturundan istifadə etməsidir. Təhlükəsiz VPN tuneli üzərindən çalışan bu quruluş geniş tezlik spektri sayəsində radioelektron qarışdırmaya qarşı daha dayanıqlı bağlantı arxitekturası yaratmağı hədəfləyir.
Sistem həmçinin sərt manevrlər zamanı siqnal itkisini azaltmaq üçün antenanın istiqamətlənməsini avtomatik sabitləşdirən mexanizmə malikdir. Bağlantı tamamilə kəsildiyi halda isə pilotsuz uçuş aparatı əvvəlcədən müəyyən edilmiş uçuş planını davam etdirərək tapşırığı yerinə yetirir və bağlantı yenidən qurulduqda idarəetmə bərpa olunur.
Hazırlayan tərəf vurğulayır ki, bu yanaşma xüsusilə intensiv radioelektron mübarizə mühitində operatorun cəbhə xəttindən xeyli geridə dayanaraq tapşırıq icra etməsinə imkan verir.
Süni zəka dəstəkli hədəfləmə və 3D tanıma sistemi
“Minotaur” üzərində hazırlanmış sistemlər arasında ən diqqətçəkən elementlərdən biri də 3D hədəf modelləşdirməsi əsaslı süni zəka dəstəkli tanıma qabiliyyətidir. Açıqlamalara görə, sistem hədəfin qismən gizləndiyi hallarda belə (məsələn, ağac arxasına keçməsi kimi) əvvəlcədən yaradılmış model üzərindən izləməni davam etdirə bilir.

Bu quruluş xüsusilə radioelektron mübarizə şəraitində və ya görüntünün itdiyi anlarda belə hədəfin itirilməməsini təmin edən avtonom izləmə məntiqi təqdim edir. Beləliklə, hücum prosesi operator müdaxiləsi olmadan daha sabit şəkildə davam etdirilə bilir.
Sahədən verilən məlumatlar göstərir ki, “Minotaur” yalnız FPV pilotsuz uçuş aparatı deyil, eyni zamanda logistika xətlərinə və sabit hədəflərə qarşı dərin zərbələr üçün nəzərdə tutulmuş zərbə sistemidir. Açıqlamalara görə, platforma radioelektron mübarizə ilə qorunan bölgələrdə belə tapşırıq icra edə bilir və logistika xətlərinə qarşı hücumlarda effektiv nəticələr verir.
Ukrayna tərəfində bu cür sistemlərin xüsusilə 25 kilometr və daha uzaq xətlərdə logistika axınını kəsmək qabiliyyətinə malik olduğu bildirilir. Bu da ağır FPV sinfinin klassik kiçik FPV pilotsuz uçuş aparatları ilə qanadlı raket sinfinə məxsus sistemlər arasında yeni əməliyyat təbəqəsi yaratdığını göstərir.
“Minotaur” kimi platformalar döyüş meydanında FPV pilotsuz uçuş aparatı istifadəsinin yeni mərhələyə keçdiyini göstərir. İlk mərhələdə aşağı qiymətli və kütləvi FPV sistemləri ön plana çıxırdısa, ikinci mərhələdə daha ağır, daha uzaqmənzilli və daha dayanıqlı kamikadze pilotsuz uçuş aparatları önə çıxır. Bu transformasiya göstərir ki, müharibə yalnız say üstünlüyü ilə deyil, eyni zamanda modul quruluşlu, sürətli istehsal edilə bilən və müxtəlif tapşırıq dəstlərinə uyğunlaşdırıla bilən sistemlərlə formalaşır.
Dəyanət Ağalarlı
Ordu.az