ABŞ-nin Prezidenti Donald Trampın 2027-ci maliyyə ili (FY27) üçün təklif etdiyi 1,5 trilyon dollarlıq müdafiə büdcəsinin bir hissəsi olaraq (bu, Pentaqon tarixində ilk trilyonluq büdcədir) Müharibə Nazirliyi 85 ədəd beşinci nəsil “Lockheed Martin F-35 Lightning II” qırıcı təyyarəsi üçün müraciət edib. Bu stels texnologiyaya malik qırıcıların 32-si əsas büdcə vasitəsilə maliyyələşdiriləcək, əlavə 53 təyyarə isə təklif olunan 350 milyard dollarlıq uzlaşdırma qanun layihəsi çərçivəsində alınacaq. Müqayisə üçün qeyd edək ki, 2026-cı maliyyə ili büdcəsində cəmi 47 təyyarə tələb olunmuşdu ki, bu da 2027-ci il üçün təklif edilən alışın təxminən iki dəfəyə yaxın artdığını göstərir.
Bir il ərzində 85 yeni F-35 təyyarəsinin alınması hətta müdafiə sənayesi üçün səxavətli müqavilələrlə dolu bir büdcə daxilində belə heyrətamiz rəqəmdir. Bu müqavilələrə ABŞ Hərbi Dəniz Qüvvələri üçün təklif edilən “Qızıl Park” və bütün ölkəni əhatə etməsi nəzərdə tutulan “Qızıl Günbəz” raket sistemi də daxildir. Buna baxmayaraq, bəzi ekspertlər xəbərdarlıq edirlər ki, İran əleyhinə davam edən “Epic Fury” əməliyyatı zamanı ən azı beş təyyarənin itirilməsi və ya ciddi zədələnməsi, eləcə də platformanın yaşlanması səbəbindən Hərbi Hava Qüvvələri gələn il daha çox sayda bu təyyarələrə ehtiyac duya bilər.
Gələcək büdcədə neçə F-35 təyyarəsinin təmin ediləcəyindən asılı olmayaraq, xüsusilə ABŞ və onun rəqibləri qabaqcıl altıncı nəsil platformaları tətbiq etməyə başladığı bir dövrdə, bu beşinci nəsil stels qırıcı təyyarənin gələcək illərdə ABŞ-nin imkanlarının ön sıralarında qalmasını təmin etmək məsələsi gündə olduğu halda, artan maraq dünyanın ən böyük müdafiə podratçısı olan “Lockheed Martin” üçün ciddi təkan olacaq.
F-35 “Lightning II”nin texniki xüsusiyyətləri
İstifadəyə verilmə ili: 2015 (F-35B)
İstehsal sayı: təxminən 1,300 (bütün variantlar)
Uzunluğu: 51.4 fut (15.67 m)
Qanad açılımı: 35 fut (10.67 m)
Çəkisi (maksimum qalxma çəkisi): 70,000 funt (31,750 kq)
Mühərrik: bir ədəd “Pratt & Whitney” F135-PW-100 “afterburner”li turbofan (40,000 funt itələmə gücü)
Maksimal sürət: təxminən 1,200 mil/saat (1,930 km/saat)/“Mach 1.6”
Uçuş məsafəsi: daxili yanacaqla 1,350+ mil (2,170 km)
Uçuş tavanı: 50,000+ fut (15,240 m)
Silahlanma: daxili 25 mm-lik GAU-22/A topu, iki ədəd AIM-120 AMRAAM və iki ədəd GBU-31 JDAM (hava və yer əməliyyatları üçün çevik konfiqurasiyada)
Ekipaj: 1 nəfər
“Lockheed Martin” ötən il hər iki altıncı nəsil qırıcı müsabiqəsini uduzub
F-35 üçün investisiyanın artırılması “Lockheed Martin” üçün əlverişli vaxta təsadüf edir, çünki şirkət 2025-ci ildə Pentaqonun hər iki altıncı nəsil qırıcı proqramı üzrə müqavilə qazana bilməmişdi.
Bir ildən bir qədər artıq əvvəl ABŞ Hərbi Hava Qüvvələri elan etdi ki, aerokosmik nəhəng “Boeing” F-47 proqramı üzrə dizayn müsabiqəsində qalib gəlib və “Lockheed Martin”in layihəsini geridə qoyub. Bu altıncı nəsil pilotlu qırıcı “Next Generation Air Domination” (NGAD) proqramının əsasını təşkil edəcək. Bu proqram pilotlu qırıcı təyyarəni dəstəkləyən pilotsuz uçuş aparatlarını və gücləndirilmiş şəbəkə əlaqəliliyini əhatə edən “sistemlərin sistemi” yanaşması kimi təsvir olunur.
F-47 müqaviləsinin itirilməsindən cəmi bir neçə gün sonra Hərbi Dəniz Qüvvələri də bildirdi ki, “Lockheed Martin” F/A-XX proqramı üzrə də yarışdan kənarda qalıb. Bu proqram F-47-dən ayrı olaraq aviadaşıyıcı əsaslı çoxməqsədli altıncı nəsil pilotlu qırıcı təyyarənin hazırlanmasını nəzərdə tutur. Hazırda bu müqavilə uğrunda “Boeing” və “Northrop Grumman” rəqabət aparır və qalib hələ seçilməyib.
F-35-dən sonra nə gəlir? Yəqin ki, daha yaxşı F-35
Ötən il “Lockheed Martin” F-47 müqaviləsini uduzduqdan sonra F-35-in daha qabaqcıl variantını təklif edib. F-55 adlandırılan bu yeni təyyarə həmin dövrdə ABŞ Prezidenti Donald Trampın da rəğbətini qazanmış və o, şirkətdən iki mühərrikli versiyanın hazırlanmasını tələb etmişdi. Lakin aviasiya ekspertləri belə bir təyyarənin yaradılmasının mümkün olmadığını bildirərək bu ideyanı rədd ediblər.
“Lockheed Martin” tərəfindən təklif olunan daha real məqsəd isə F-35-in “Ferrari” adlandırılan versiyasıdır. Bu variant şirkətin NGAD prototipi üçün hazırladığı altıncı nəsil texnologiyalarla təchiz oluna bilər. Buraya passiv infraqırmızı sistemlər, təkmilləşdirilmiş stels və uzaqmənzilli silahlar daxil ola bilər. Nəticədə yaranacaq qırıcı təyyarə dördüncü nəsil F-15 Eagle platformasının gövdəsini ən müasir elektronika ilə birləşdirən və “dördüncü nəsil-plus” və ya “4.5 nəsil” kimi tanınan F-15EX “Eagle II” qırıcı təyyarəsinə bənzər ola bilər.
Bununla belə, “Ferrari” F-35-in hazırda hansı mərhələdə olduğu və ümumiyyətlə prototip mərhələsini keçib-keçməyəcəyi hələ də aydın deyil. F-35-in növbəti versiyasına əlavə edilməsi planlaşdırılan texnologiyaların əksəriyyəti hələ inkişaf mərhələsindədir.
Bu arada “Lockheed Martin” qarşısında böyük vəzifə dayanır: mövcud F-35 proqramına yönəldilən iri həcmli investisiyanı mənimsəmək və istehsal xətlərini davam etdirərək ABŞ-nin hərbi qüvvələri və xarici alıcılar üçün daha çox beşinci nəsil qırıcı təyyarələr istehsal etmək.
Dəyanət Ağalarlı
Ordu.az