Lavrov Pekində əsas mesajı verdi: ABŞ Avropanı Rusiyaya qarşı silahlandırır?

2026/04/1776277384.jpg
Oxunub: 648     22:26     15 Aprel 2026    
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Pekinə səfəri mətbuatda geniş işıqlandırılmır. Bu isə danışıqların tərəflər üçün böyük əhəmiyyət daşıdığını göstərir. “RIA Novosti” Lavrovun mətbuat konfransından əsas məqamları təqdim edib. Əgər onun ənənəvi fikirlərini bir kənara qoysaq, əsas açıqlama Rusiya-ABŞ münasibətlərinin real mahiyyəti ilə bağlıdır.

ABŞ-də prezident vəzifəsini Donald Trampın icra etməyə başlamasından sonra Rusiya xarici işlər naziri ilk dəfə rəsmi səviyyədə belə bir ekspert fikrini səsləndirib ki, ABŞ və Avropa İttifaqı arasında “ziddiyyətlər nümayiş xarakterlidir, əslində Vaşinqton Avropanı hərbiləşdirir və Rusiya ilə silahlı qarşıdurmaya hazırlayır”.

Lavrov hətta “bir addım da irəli gedərək” bildirib ki, “bütün bunlar xüsusi rolun Kiyev rejiminə verildiyi hərbi ittifaqın formalaşmasına gətirib çıxarır”. O həmçinin açıqlayıb ki, Moskva “Alyaska razılaşmalarına sadiqdir, lakin Avropa liderləri onları bloklayır”.

Əgər bu iki qiymətləndirməni müqayisə etsək, belə nəticə çıxır ki, Moskva hesablamalarında yanılıb. Lavrov faktiki olaraq etiraf edib ki, ötən ilin avqustunda Vladimir Putin və Donald Tramp arasında əldə olunan razılaşmaların həyata keçirilməsi Avropa liderlərindən asılıdır. Bu isə o deməkdir ki, ABŞ-Avropa münasibətləri Rusiya-ABŞ münasibətlərindən daha etibarlıdır.

Avropada hərbi ittifaq və orada Ukraynanın “xüsusi rolu” məsələsinə gəldikdə isə, belə görünür ki, bu perspektiv Lavrov üçün Çin tərəfi ilə danışıqlar zamanı daha da aydınlaşıb. Əks halda o, Pekində keçirilən mətbuat konfransında bunu açıqlamazdı. Doğrudur, Lavrov həmçinin bildirib ki, “Rusiya-Çin əməkdaşlığı bütün küləklərə baxmayaraq sarsılmazdır”, lakin bunun nə dərəcədə reallığa uyğun olduğu Vladimir Putinin cari ilin ikinci yarısında planlaşdırılan Pekin səfərindən sonra aydın olacaq. Bundan əvvəl isə Si Cinpin və Donald Tramp arasında sammit keçiriləcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Pekin   ABŞ   Avropa  


Bizi "telegram"da izləyin