Bu qeyri-müəyyənlik fonunda Küveytin “Al-Jarida” nəşri yazıb ki, İran-ABŞ danışıqlarının ikinci mərhələsində “on maddədən ibarət yeni razılaşma layihəsi təqdim oluna bilər”. Buna əsasən, təklif olunur ki, İran və ABŞ “sülh müqaviləsi imzalasın, İran regionda ABŞ-yönlü təhlükəsizlik arxitekturasının tərkib hissəsinə çevrilsin, İsrailə qarşı bütün düşmənçilik hərəkətləri dayandırılsın”.
Küveyt nəşrinin məlumatına görə, təklif olunur ki, “İran on il müddətinə nüvə proqramını dondursun, bu müddətdə Beynəlxalq Atom Enerjisi Agentliyinə bütün nüvə obyektlərində yoxlamalar aparmağa icazə verilsin, zənginləşdirilmiş uran ehtiyatları isə İran ərazisindən çıxarılsın”. Eyni zamanda, “regionun nüvə konsorsiumunun yaradılması və İranın nüvə proqramının vəziyyətinə nəzarət etməsi” nəzərdə tutulur.
Hörmüz boğazına gəlincə isə, “dəniz nəqliyyatı bərpa edilməlidir”. Təklif olunur ki, “keçid mərhələsi müəyyən edilsin və bu müddətdə boğazın idarə olunmasını Vaşinqton və Tehran həyata keçirsin”. Razılaşma layihəsi həmçinin xarici ölkələrdə bloklanmış İran maliyyə vəsaitlərinin mərhələli şəkildə qaytarılmasını nəzərdə tutur, lakin bu proses ABŞ-nin Maliyyə Nazirliyinin nəzarəti altında və yalnız iqtisadi bərpa məqsədləri üçün istifadə olunması şərti ilə həyata keçirilməlidir.
Bu məlumatların nə dərəcədə reallığa uyğun olduğu məlum deyil. Fakt ondan ibarətdir ki, İslamabad danışıqları 2026-cı il aprelin 11-də uğursuz olub, çünki İran nüvə proqramını 20 il müddətinə dondurmaq və zənginləşdirilmiş uran ehtiyatlarını ölkədən çıxarmaq barədə ABŞ-nin tələblərini rədd edib, həmçinin Hörmüz boğazı üzərində tam suveren hüquqlarının beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını tələb edib. Küveyt nəşrinin təqdim etdiyi “razılaşma layihəsi” isə bu iki prinsipial məsələdə İranın mövqeyini tam şəkildə rədd edir.
Ekspertlərin əksəriyyəti ümid edir ki, İran-ABŞ danışıqlarının ikinci mərhələsi atəşkəsin uzadılması barədə razılaşma ilə nəticələnə bilər ki, bu da diplomatik səylərin davam etdirilməsinə imkan verəcək. Lakin fundamental razılaşma və hərtərəfli tənzimləmə perspektivi uzun müddət qeyri-müəyyən qalacaq. İstisna deyil ki, İrana qarşı hərbi əməliyyatlar İsrail tərəfindən yenidən başlana bilər. Yaxın vaxtlarda vəzifəsini tərk edəcək MOSSAD-ın direktoru David Barnea 2026-cı il aprelin 14-də bildirib ki, “ayətullahlar rejiminin devrilməsi ekzistensial məsələ olaraq qalır və bunun həlli yalnız yəhudi dövlətinin sabit və davamlı təhlükəsizliyini təmin edə bilər”.
Asif Cəfərov
Ordu.az