“Financial Times”: İran ABŞ-nin bazalarını hədəfə almaq üçün Çin istehsalı casus peykdən istifadə edib

2026/04/1776268719.jpg
Oxunub: 502     19:57     15 Aprel 2026    
İranın ABŞ və İsrailin hücumları ilə başlanan müharibədə ABŞ-nin bazalarını hədəfə almaq üçün Çin istehsalı casus peykdən istifadə etdiyi iddia olunub.

Ordu.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

“Financial Times” qəzetinin sızdırılmış hərbi sənədlərə əsaslandırdığı xəbərində bildirilib ki, peyk görüntüləri və aparılan orbit analizləri Çin istehsalı peykin ABŞ hərbi məntəqələrini izləmək üçün istifadə olunduğunu göstərib.

Araşdırmalara görə, Çin mərkəzli “Earth Eye Co” şirkəti tərəfindən istehsal edilən və 2024-cü ilin sonunda kosmosa göndərilən TEE-01B peykinin buraxılışdan qısa müddət sonra İran İnqilab Keşikçiləri Korpusu tərəfindən satın alındığı iddia edilib.

Aparılan orbit analizləri təxminən yarım metr ayırdetmə qabiliyyətində görüntü təqdim edə bilən casus peykin pilotsuz uçuş aparatı və raket hücumları zamanı ABŞ hərbi bazalarının üzərində olduğunu göstərib.

İzlənilən hədəflər arasında Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn və İraqdakı ABŞ hərbi obyektlərinin də yer aldığı bildirilib.

Xəbərdə qeyd olunub ki, görüntülər pilotsuz uçuş aparatı və raket hücumlarından dərhal əvvəl və sonra qeydə alınıb, peykin hücumların yönləndirilməsində istifadə edilmiş ola biləcəyi irəli sürülüb.

Xəbərdə iddia olunub ki, İran Pekin mərkəzli “Emposat” şirkətinə məxsus yer stansiyalarından istifadə icazəsi alıb və bu yolla peykdən gələn məlumatlara yalnız öz ərazisi üzərindən deyil, Asiyadan Latın Amerikasına qədər uzanan şəbəkə vasitəsilə də çıxış əldə edib.

Mütəxəssislər bildiriblər ki, bu vəziyyət İranın hərbi kəşfiyyat qabiliyyəti baxımından inkişaf deməkdir və belə ölçüdə texnologiya transferinin Pekinin təsdiqi olmadan baş verməsinin ehtimalı aşağıdır.

ABŞ-nin prezidenti Donald Tramp İrana hərbi baxımdan dəstək verən ölkələrə 50 faiz gömrük rüsumu tətbiq etməyi düşündüyünü bildirmişdi.

Buna Çinin də daxil olub-olmaması ilə bağlı suala cavab verən Tramp belə deyib: “Bəli, Çin və yəqin ki, digər ölkələr. Amma xüsusilə Çin də buna daxildir. Çinin İrana çiyindən atılan zenit raketləri verdiyinə dair xəbərlər eşitmişəm. Mən bu xəbərlərə hər zaman inanmıram. Bunu edəcəklərini düşünmürəm, bəlkə başlanğıcda bir qədər ediblər. Amma Çin də daxil olmaqla hər hansı ölkəni İrana hərbi təchizat verərkən yaxalasaq, 50 faiz gömrük rüsumu ilə üzləşəcəklər”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Çin  


Bizi "telegram"da izləyin