Ordu.az xəbər verir ki, şirkətin açıqlamasında sistemin dörd fərqli istifadəçi ssenarisi çərçivəsində sınaqdan keçirildiyi və bütün atışların uğurla nəticələndiyi bildirilib.
Bu nəticələrin KARAOK-un əməliyyat etibarlılığını və döyüş meydanındakı effektivliyini təsdiqlədiyi qeyd olunub.
Döyüş atışlı sınaq fəaliyyəti çərçivəsində aparılan sınaqlarda KARAOK-un müxtəlif taktiki şəraitlərdə hədəflərə qarşı yüksək dəqiqliklə nişanalma həyata keçirdiyi bildirilib.
ROKETSAN-ın baş direktoru Murat İkinci məsələ ilə bağlı belə deyib: “Qorxmaz baxış, dəqiq zərbə. KARAOK döyüş şəraitində etibarlılığını bir daha sübut etdi. Gələcəyin döyüş meydanını milli sistemlərimizlə formalaşdırmağa və ordumuzun gücünü artırmağa davam edəcəyik”.
KARAOK tək əsgər tərəfindən istifadə oluna bilən daşınan qısa mənzilli, “atdım-unutdum” tipli tank əleyhinə silah kimi fərqlənir.
Sistem üzərində yerləşən infraqırmızı görüntüləmə başlığı sayəsində gecə və gündüz əməliyyat icra edə bilir. Portativ quruluşu sayəsində xüsusilə hava hücum, hava desant və amfibiya əməliyyatlarında effektiv istifadə imkanı yaradır.
KARAOK-un qısa mənzildə təhdidləri dayandırmaq, gecikdirmək, yönləndirmək və məhv etmək məqsədilə hazırlandığı qeyd olunur.
Sistem tandem (ardıcıl) döyüş başlığı ilə müasir zirehli təhdidlərə qarşı yüksək deşmə qabiliyyəti təmin edir. Bundan əlavə, qapalı məkanlardan atış imkanı verən yerli hibrid iki mərhələli raket mühərriki ilə təchiz olunub.
KARAOK-un əsas atış rejimlərinə aşağıdakılar daxildir:
Atışdan əvvəl kilidlənmə
Atışdan sonra kilidlənmə
“Atdım-unutdum” qabiliyyəti
Yuxarıdan (təpədən) zərbə
Birbaşa zərbə
Texniki xüsusiyyətlər
Çap: 125 mm
Çəki: 16 kq-dan az (raket+konteyner)
Mənzil: 1000+ metr
Döyüş başlığı: Zirehdələn tandem
Zərbə rejimi: Yuxarıdan və ya birbaşa zərbə
İstifadə: “Atdım-unutdum”
Sevinc Əliyeva
Ordu.az