Ordu.az xəbər verir ki, dəvətlilərə ilk olaraq təlimdə iştirak edəcək təyyarə və helikopterlər təqdim olunub.
“Anadolu Qartalı” Təlim Mərkəzində keçirilən brifinqdən sonra Türkiyə Silahlı Qüvvələrinin ev sahibliyi ilə 3-cü Əsas Reaktiv Baza Komandanlığının atış sahəsində keçirilən təlimə ABŞ, Azərbaycan, Polşa və Slovakiyanın hərbi qüvvələri qatılıb.
Digər ölkələrlə birgə fəaliyyət qabiliyyətini artırmaq və əməkdaşlıq sahələrini müəyyənləşdirmək məqsədilə keçirilən təlimdə təyyarələr, helikopterlər və xilasetmə qrupları iştirak edib.

Real döyüş sursatlarının istifadə olunduğu təlimdə yaxın hava dəstəyi, zamana həssas hədəfləmə, düşmən bölgəsindən şəxsi heyətin xilas edilməsi, yer dəstəyi ilə hava təcridi, konvoy mühafizəsi, şəxsi heyətin xilas edilməsi, yüksək hündürlükdən tullanma, aşağı hündürlükdə paraşütün açılması, sızma və geri sızma tapşırıqları icra olunub.
Reallığa yaxın əməliyyat mühitində həyata keçirilən təlimdə ssenariyə uyğun olaraq düşmən ərazisində mühasirədə qalan şəxsi heyətin xilas edilməsinə yönəlmiş kritik mərhələlər uğurla yerinə yetirilib.
Təlim zamanı Xüsusi Qüvvələr və Şəxsi Heyətin Xilasetmə Qrupları tərəfindən işarələnən strateji hədəflər F-16 döyüş təyyarələri tərəfindən dəqiq zərbələrlə vurulub. Hava vasitələrinin basqı atəşindən sonra yaralı şəxsi heyəti təxliyə etmək üçün 3-cü Əsas Reaktiv Baza Komandanlığından havaya qalxan helikopterlər əraziyə yönəlib.
Hava vasitələrinin nəzarətli enişindən sonra ətrafın təhlükəsizliyini təmin edən şəxsi heyət yaralı hərbçini sürətlə helikopterə yerləşdirib. Təxliyə zamanı düşmən qüvvələrinin açdığı atəşə hücum helikopterləri top atəşləri ilə cavab verərək təhdidi aradan qaldırıb.
Təlimi Türkiyənin Baş Qərargah rəisi Orgeneral Selçuk Bayraktaroğlu da izləyib
Döyüş axtarış-xilasetmə qabiliyyətlərinin nümayiş etdirildiyi əməliyyatı Türkiyənin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, qoşun komandanları, iştirakçı ölkələrin nümayəndə heyətləri və çoxsaylı media nümayəndələri izləyib.
Selçuk Bayraktaroğlu çıxışında təlimi izləməkdən qürur və məmnunluq duyduğunu bildirərək deyib: “Göy vətən” Hərbi Hava Qüvvələrimizin gücü, yüksək texnologiyalı sistemlərimiz və peşəkar şəxsi heyətimizin əzmi və qətiyyəti ilə hər an qorunur. “Göy vətən”dəki bu üstünlük yalnız davamlı təlim və real şəraitə uyğun məşqlərlə qorunub saxlanıla bilər. Beynəlxalq “Anadolu Ankası-2026” təlimi də bu yanaşmanın sahədəki ən konkret nümunələrindən biridir. Türkiyə Silahlı Qüvvələrimiz şəxsi heyətin axtarış-xilasetmə qabiliyyətlərini inkişaf etdirmək məqsədilə keçirilən bu təlimdə yaxın hava dəstəyi, dinamik hədəfləmə və hava zərbələri kimi bir çox tapşırığı icra edib”.
“Bu təlimi uğurla icra etdik”
Selçuk Bayraktaroğlu bildirib ki, bu il təlimdə 4 ölkədən 10 qrup və 22 ölkədən müşahidəçilər iştirak edib: “Təlim zamanı nümayiş etdirdiyi çıxışlarla göy üzündə qürur mənbəyimiz olan SOLOTÜRK bizə bir daha türk pilotlarının cəsarətini və intizamını yaxından görmək imkanı verdi. Bu təlimi uğurla icra etdik. Bütün iştirakçıları təbrik edirəm”.
Təlimdə Türkiyə 3 F-16, E-7T (HİK) təyyarəsi, “Akıncı” pilotsuz uçuş aparatı, “Anka-S”, CN235 və T-70 helikopterləri, jandarma, hava, quru, dəniz və xüsusi təyinatlı qüvvələr, SAT qrupları, Jandarma Xüsusi Axtarış-Xilasetmə (JÖAK) bölmələri və Xüsusi Qüvvələr Komandanlığının şəxsi heyəti ilə iştirak edib. Azərbaycan 2 SU-25 təyyarəsi və 3 qrupla, ABŞ isə 4 xüsusi qrupla təlimdə yer alıb.
Beynəlxalq “Anadolu Ankası” Təlimi 2009-cu ildən etibarən reallığa yaxın əməliyyat mühitində Şəxsi Heyətin Xilasetmə Tapşırıq Qüvvələrinin hazırlanması və müasir döyüş sahəsinin tələb etdiyi təcrübə səviyyəsinin artırılması məqsədilə keçirilir.
Sevinc Əliyeva
Ordu.az