ABŞ Dəniz Piyadaları “Stalker” pilotsuz uçuş aparatı tədarükünü genişləndirir

2026/04/1776234949.jpg
Oxunub: 353     10:28     15 Aprel 2026    
ABŞ-də yerləşən müdafiə və kosmik texnologiyalar şirkəti “Redwire” 2026 maliyyə ilinin ilk rübündə 20 milyon dollardan artıq müqavilələr çərçivəsində ABŞ Dəniz Piyadaları və ABŞ donanması üçün “Stalker” pilotsuz uçuş aparatlarının təhvilini həyata keçirəcək.

Ordu.az xəbər verir ki, bu tədarük donanma daxilində kiçik sinif taktiki pilotsuz uçuş aparatları proqramı çərçivəsində reallaşdırılıb.

Razılaşma çərçivəsində ABŞ Dəniz Piyadaları ilk dəfə “Stalker” pilotsuz uçuş aparatının qabaqcıl naviqasiya sisteminə malik yeni konfiqurasiyasını inventarına daxil edəcək. Bu versiya xüsusilə GPS siqnallarının pozulduğu və ya əlçatmaz olduğu şəraitdə fəaliyyət göstərmək qabiliyyəti ilə seçilir.

Şirkət rəsmiləri bildiriblər ki, qabaqcıl naviqasiya geniş ərazilərdə və siqnalın kəsildiyi mühitlərdə uzunmənzilli kəşfiyyat əməliyyatları üçün kritik əhəmiyyət daşıyır.

Tədarük paketinə pilotsuz uçuş aparatları ilə yanaşı, elektro-optik sensorlar, müxtəlif məsafələr üçün uyğun yerüstü idarəetmə stansiyaları və dəstək avadanlıqları da daxildir.

Hazırda ABŞ Dəniz Piyadalarının envanterində 250-dən çox “Stalker” pilotsuz uçuş aparatı mövcuddur və yeni sifarişlə qabaqcıl naviqasiya sisteminə keçidin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Stalker  


Bizi "telegram"da izləyin