Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
“Fevralın 28-də İranda müharibə başlayarkən dünya artıq müharibə ilə əhatə olunmuşdu. Son iki ilin müharibələri İkinci Dünya müharibəsindən sonra istənilən dövrdən daha genişmiqyaslı olub.
Hazırda Ukrayna müharibəsi uzandığı və İran əleyhinə ABŞ və İsrail müharibəsi kövrək atəşkəs çərçivəsində dayandırıldığı bir vaxtda, beynəlxalq arenada daha bir arzuolunmaz hadisənin, dünya müharibəsinin geri dönüşünü görürük”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, müxtəlif qitələrdə iki böyük münaqişə böyük güclər arasında strateji rəqabət meydanına çevrilib.
“Hər bir müharibənin dinamikası digərinə birbaşa təsir edib və hər ikisi üçüncü ölkələri də mübarizəyə cəlb edib. Münaqişələrin ümumi miqyası və intensivliyi ötən əsrin iki dağıdıcı dünya müharibəsi ilə müqayisədə aşağı olsa da, onlar eyni təhlükəli instinktdən qaynaqlanır: rəqib dövlətlər hərbi gücü hakimiyyətin əsas vasitəsi kimi qəbul edib.
Rusiya və ABŞ müharibəyə müxtəlif səbəblərlə qoşulub. Rusiya prezidenti Vladimir Putin öz ərazi təsirini genişləndirmək və onun fikrincə Rusiyanın təsir zonasına aid olan torpaqları geri qaytarmaq istəyirdi. İran əleyhinə müharibədə ABŞ-nin elan etdiyi məqsədlər fərqli idi. Donald Tramp daim bildirirdi ki, İrana nüvə silahı əldə etməyə icazə vermək olmaz. Bununla belə, həm Putin, həm də Tramp uğurun asan olacağını düşünürdü.
Qısa müddət ərzində Ukrayna və İran münaqişələri böyük güclər arasında rəqabətin ifadəsinə çevrildi. Hər iki hərbi əməliyyat teatrında Rusiya və ABŞ bir-birinin rəqiblərini dəstəkləyirdi”, - deyə məqalədə qeyd edilib.
Nəşr vurğulayıb ki, hər bir müharibə digərinə təsir göstərib.
“İranın Hörmüz boğazını bağlaması nəticəsində neft qiymətlərinin qlobal şok yaşaması həm öz neft qiymətlərinin artması, həm də Tramp administrasiyasının bu neftə qarşı sanksiyaları yumşaltması hesabına Rusiya üçün maliyyə baxımından faydalı olub.
Diqqət və resurslar İrana yönəldildiyi üçün Rusiya Ukraynada yaz hücumuna başlayaraq ərazi qazanclarını möhkəmləndirməyə və genişləndirməyə çalışıb. Ukrayna isə ABŞ-yə və İran hücumlarının hədəfinə çevrilmiş ərəb ölkələrinə pilotsuz uçuş aparatlarından müdafiə sahəsində topladığı təcrübəni təklif edib.
Hər iki münaqişə digər ölkələri də cəlb edib. Ukraynada Rusiyanın hərbi səyləri uzun müddət Çinin iqtisadi və texniki dəstəyi, Şimali Koreyanın canlı qüvvəsi və İranın pilotsuz uçuş aparatları ilə təmin olunub. Avropalı müttəfiqlər isə son bir ildə Ukraynanın silahlandırılmasında getdikcə daha mühüm rol oynayıb.
NATO ölkələri Trampın Hörmüz boğazının açıq saxlanmasına kömək çağırışına cavab verməsə də, ötən ay NATO-nun raketdən müdafiə sistemləri Türkiyə istiqamətində atılan İran raketlərini məhv edib”, - deyə nəşr yazıb.
Sevinc Əliyeva
Ordu.az