Tramp bu blokadanı “kozır kartı” kimi təsvir edən məqalə yayıb. O, Venesuelada ABŞ-nin əvvəlki təcrübəsinin uğuruna istinad edib, həmin təcrübə iflicedici blokada və cəsarətli hərbi əməliyyat nəticəsində prezident Nikolas Maduronun həbs olunması ilə yekunlaşmışdı.
“Daş dövrü” strategiyası və dəniz təzyiqi
Trampın dəstəklədiyi televiziya proqramında yer alan təhlillərə görə, İran “son razılaşmanı” qəbul etməsə, Vaşinqton ya Tehrana zərbələr endirərək onu “Daş dövrünə qaytara”, ya da artıq zəifləmiş iqtisadiyyatı daha da çökdürmək üçün sanksiya strategiyasını yenidən tətbiq edə bilər. Bu təhdidlər USS “Gerald R. Ford” aviadaşıyıcısının körfəzdə yerləşdirilməsi ilə üst-üstə düşür. Bu gəmi USS “Abraham Lincoln” və digər iri dəniz qüvvələrinə qoşularaq ABŞ-nin Hörmüz boğazına tam nəzarət imkanlarını gücləndirib.
Milli təhlükəsizlik eksperti Rebekka Qrant təsdiqləyib ki, ABŞ Hərbi Dəniz Qüvvələri artıq boğazda ən xırda detalları belə izləmək imkanına malikdir. O, həmçinin nəzarətdən yayınmağa çalışan neft tankerlərinin aşkar edildiyini bildirib. “Əgər İran güzəştə getməsə, gələcəkdə Xarq adasından keçmək üçün belə Vaşinqtonla razılaşmalı olacaq”, - deyə o qeyd edib.
Vens razılaşma olmadan ayrılır
Diplomatik cəbhədə vitse-prezident Cey Di Vens 21 saat davam edən danışıqlardan sonra Pakistandan razılaşma əldə olunmadan ayrılıb. O, ABŞ təklifini “son və ən yaxşı təklif” kimi qiymətləndirib.
Vens bildirib ki, Tehran Trampın “əsas məqsədi” olan nüvə silahlarının hazırlanmasından tam imtina məsələsində heç bir elastiklik göstərməyib. Bu isə müvəqqəti atəşkəsin müddəti bitmək üzrə olduğu bir vaxtda qərarı İranın üzərinə qoyur.
Hərbi işğal ssenarisi
Mövcud variantlar arasında istefada olan general Cek Kin daha sərt yanaşma təklif edib. Bu yanaşmaya Xarq adasının işğalı və ya tam məhv edilməsi daxildir. Kin hesab edir ki, İranın neft infrastrukturunun ələ keçirilməsi onun zənginləşdirilmiş uran ehtiyatlarını nəzarətə götürmək və zənginləşdirmə obyektlərini tamamilə sıradan çıxarmaq üçün “ən son vasitədir”.
Diplomatik təzyiq və birbaşa hərbi təhdidlər arasında Tramp administrasiyası artıq seçimlərini müəyyənləşdirmiş kimi görünür. Ya tam kapitulyasiya, ya da Tehrandakı rejimin mahiyyətini köklü şəkildə dəyişəcək genişmiqyaslı blokada variantı gündəmdədir.
Sevinc Əliyeva
Ordu.az