Portuqaliya Azərbaycanda səfirlik açmaq barədə qərar verib

2026/04/1775055716.jpg
Oxunub: 328     18:29     01 Aprel 2026    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel arasında telefon danışığı aparılıb.

Bu barədə Ordu.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlər telefon danışığı zamanı Azərbaycanla Portuqaliya arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Portuqaliyalı nazir ölkəsinin Azərbaycandakı diplomatik təmsilçiliyinin səviyyəsinin qaldırılması və ölkəmizdə səfirlik açmaq barədə qərar verildiyini diqqətə çatdırıb. Nazir Ceyhun Bayramov bu qərara görə təşəkkür edib.

Nazirlər ikitərəfli münasibətlərin inkişafı istiqamətində siyasi məsləhətləşmələr mexanizminin və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar. İkitərəfli əməkdaşlığın iqtisadiyyat, enerji, ticarət, nəqliyyat və turizm sahələrində genişləndirilməsi üçün mövcud imkanlar nəzərdən keçirilib.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər Yaxın Şərqdə artan hərbi eskalasiyadan narahatlıqlarını ifadə edib, münaqişənin diplomatik həllinin zəruri olduğunu diqqətə çatdırıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Portuqaliya   Azərbaycan  


Bizi "telegram"da izləyin