“İrana qarşı müharibə başa çatdıqdan sonra ABŞ NATO ilə münasibətlərə “yenidən baxmalı” olacaq” - Rubio

2026/03/1772608474.jpg
Oxunub: 425     12:08     01 Aprel 2026    
“İrana qarşı müharibə başa çatdıqdan sonra Birləşmiş Ştatlar NATO ilə münasibətlərə “yenidən baxmalı” olacaq”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Fox News”a verdiyi müsahibədə bildirib.

“Düşünürəm ki, bu münaqişə bitdikdən sonra biz bu münasibətlərə yenidən baxmalı olacağıq. Biz ölkəmiz üçün NATO-nun əhəmiyyətini yenidən qiymətləndirməli olacağıq”, - deyə dövlət katibi bildirib.

O əlavə edib ki, yekun qərarı sonda prezident Donald Tramp verməlidir.

Rubionun sözlərinə görə, Senatda fəaliyyət göstərdiyi illər ərzində o, “NATO-nun ən qətiyyətli müdafiəçilərindən biri” olub, çünki alyans dünyada “böyük dəyər” kəsb edib.

O qeyd edib ki, bu dəyər əsasən Avropada Amerika hərbi bazalarının mövcudluğu ilə bağlı olub və bu da ABŞ silahlı qüvvələrinə “öz gücünü dünyanın müxtəlif bölgələrinə yaymağa” imkan verib.

“Əgər biz elə bir nöqtəyə gəlib çatmışıqsa ki, NATO üzvlüyü artıq o deməkdir ki, biz bu bazalardan Amerikanın maraqlarını qorumaq üçün istifadə edə bilmirik, onda belə çıxır ki, NATO birtərəfli hərəkətə çevrilib”, - deyə o bildirib.

Rubionun sözlərinə görə, Vaşinqton NATO müttəfiqlərindən İrana qarşı müharibə çərçivəsində aviazərbələr endirməyi xahiş etməyib: “Lakin bizə lazım olanda onların öz bazalarından istifadə etməyimizə icazə vermələrini istəyirik, cavab isə mənfi olur. Bu halda biz niyə NATO-da qalırıq? Bu sualı verməlisiniz”.

Daha əvvəl bir neçə Avropa ölkəsi Amerika hərbçilərinə öz ərazilərində yerləşən bazalardan istifadə etməyə icazə verməmişdi.

Xüsusilə, İtaliya Yaxın Şərqə yollanan Amerika təyyarəsinin enişinə icazə verməmişdi. Bazar ertəsi isə İspaniya İrana qarşı missiyalar həyata keçirən ABŞ təyyarələri üçün öz hava məkanını bağlamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ   NATO  


Bizi "telegram"da izləyin