Kiyev rəhbərliyi isə Rusiyanın pilotsuz uçuş aparatlarına qarşı hazırladığı yeni “xüsusi sektor dəstəyi ilə hava hücumundan müdafiə” konsepsiyasının ilkin nəticələrinin müsbət olduğunu açıqlayıb.
Yeni model ordunun komanda və idarəetməsi altında Ukrayna istehsalı olan önləyici pilotsuz uçuş aparatları və qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin xüsusi sektor tərəfindən idarə edilməsinə əsaslanır.
Paylanmış müdafiə modeli: Məqsəd yükü azaltmaq
Kiyevin fikrincə, bu yanaşma intensiv Rusiya hücumları qarşısında səmanın qorunması yükünü azaltmağı hədəfləyir. Rusiyanın xüsusilə müdafiə sənayesi obyektlərini, pilotsuz uçuş aparatı istehsal mərkəzlərini və kritik infrastrukturu hədəfə alması Ukraynanı istehsalı paylamağa məcbur edib. Lakin bütün istehsalın paylanmış şəkildə həyata keçirilməsi mümkün deyil.
Bu səbəbdən hazırlanan sistem önləyici pilotsuz uçuş aparatları, avtomatik pulemyot qüllələri və qısa mənzilli hava hücumundan müdafiə elementləri kimi həlləri bir araya gətirir.
Rəsmilər sistemlərin könüllülər tərəfindən idarə edilməsinin cəbhədə əsgər ehtiyacını da azaltdığını vurğulayır.
Fedorov: Sistem sahədə aktivdir
Ukrayna müdafiə naziri Mixaylo Fedorov layihənin artıq tətbiq olunduğunu bildirərək belə deyib: “Xüsusi sektorun hava hücumundan müdafiəsinə cəlb olunmasına dair eksperimental layihə həyata keçirilir və ilk nəticələr əldə edilib”.
Fedorov layihədə iştirak edən şirkətlərdən birinin öz hava hücumundan müdafiə bölməsini qurduğunu və Xarkiv bölgəsində “Shahed” və “Zala” tipli bir çox pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
Ümumilikdə daha 13 şirkətin hazırlıq mərhələsində olduğu bildirilib.
Tək mərkəzdən idarəetmə: Ən kritik element
Xüsusi sektor tərəfindən idarə olunan hava hücumundan müdafiə elementləri Ukrayna Hərbi Hava Qüvvələrinin mərkəzi komanda sisteminə inteqrasiya edilib. Bu sayədə “dost atəşi” riski azaldılır, sensor və atıcı koordinasiyası təmin olunur və hava hücumundan müdafiə qabiliyyəti sürətlə artırılır.
Fedorovun sözlərinə görə bu model cəbhədəki bölmələrə əlavə yük yaratmadan sistemli həll təqdim edir.
Sahədə istifadə olunan sistemlər
Rəsmi olaraq bütün sistemlər açıqlanmasa da paylaşılan görüntülərdə aşağıdakı elementlər önə çıxır:
“Wild Hornet Sting” önləyici pilotsuz uçuş aparatları
“Sky Sentinel” avtomatik hava hücumundan müdafiə qüllələri
Ağır pulemyotla təchiz edilmiş 360° fırlanan sistemlər
Proqramın hüquqi və əməliyyat çərçivəsi
Proqram Ukraynanın baş naziri Yuliya Sviridenko tərəfindən elan edilib. Buna əsasən kritik infrastruktur müəssisələri hava hücumundan müdafiə qrupları yarada bilir. Personal Müdafiə Nazirliyi tərəfindən təlim keçərək sertifikatlaşdırılır. Silah və sursat dövlət tərəfindən müvəqqəti olaraq ayrılır.
İstifadə olunan sistemlər aktiv cəbhə bölmələrində istifadə olunmayan inventardan seçilir.
Niyə bu modelə ehtiyac yarandı?
Rusiyanın intensiv hücumları xüsusilə “Shahed” tipli pilotsuz uçuş aparatları və raketlər vasitəsilə Ukraynanın hava hücumundan müdafiə ehtiyatlarını ciddi şəkildə tükəndirib. Yüksək dəyərli sistemlər (məsələn, “Patriot” önləyiciləri) əvəzinə daha ucuz və genişlənə bilən həllərin axtarışı bu modelin ortaya çıxmasına səbəb olub.
İxrac potensialı və istehsal gücü
Ukrayna önləyici pilotsuz uçuş aparatlarının istehsalını sürətlə artırır. Yanvar ayında 40.000 ədəd önləyici pilotsuz uçuş aparatı istehsal edilib. Gündəlik istehsal gücü 2.000 ədədə qədər çata bilər. Daxili ehtiyac 1.000 ədəd səviyyəsindədir ki, bu da nəzəri olaraq ixrac üçün əhəmiyyətli potensial yaradır.
Mütəxəssislər xəbərdarlıq edir: Risklər mövcuddur
Hərbi mütəxəssislər sistemin tətbiq edilə bilən olduğunu, lakin ciddi risklər daşıdığını bildirir. Komanda-idarəetmə qarışıqlığı, sursat israfı və koordinasiya çatışmazlığı əsas risklər kimi göstərilir. Həmçinin bu modelin beynəlxalq inteqrasiyanı çətinləşdirə biləcəyi vurğulanır.
Hələ ilkin mərhələdədir
Ukraynanın xüsusi sektor hava hücumundan müdafiə modeli hələ başlanğıc mərhələsindədir. Sistem zavodlar, enerji obyektləri və neft emalı müəssisələrinin qorunmasında effektivliyini hələ tam sübut etməyib.
Lakin Ukraynanın döyüş meydanında inkişaf etdirdiyi innovativ həllər nəzərə alındıqda bu modelin qlobal miqyasda diqqət çəkməyə davam edəcəyi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az