Ordu.az xəbər verir ki, təhvil 2026-cı il martın 31-də Beyrut Limanında keçirilən rəsmi mərasimlə həyata keçirilib.
Sözügedən təhvilin Livan ordusunun hərəkət qabiliyyətini və əməliyyat imkanlarını artırmağı hədəflədiyi bildirilib.
Təhvil mərasimində yüksək səviyyəli iştirak
Təhvil mərasimində Fransa Veteranlar və Silahlı Qüvvələr üzrə nazir müavini Alis Rufo, Livan Baş Qərargah rəisini təmsil edən general-mayor Hassan Audi və Fransanın Livandakı səfiri Erve Maqro iştirak ediblər.
Livan Silahlı Qüvvələri tərəfindən verilən açıqlamada bu zirehli texnikanın Fransa hökuməti tərəfindən hədiyyə edildiyi və ordunun ehtiyaclarına uyğun şəkildə xidmətə qəbul ediləcəyi bildirilib.
Fransadan Livana hərbi dəstək vurğusu
Mərasimdə çıxış edən Fransa Veteranlar və Silahlı Qüvvələr üzrə nazir müavini Alis Rufo Fransanın Livan ordusuna dəstəyini davam etdirəcəyini bildirib və Livan ordusunu ölkənin təhlükəsizliyinin əsas elementlərindən biri kimi xarakterizə edib.
Livan Baş Qərargahı adından çıxış edən general-mayor Hassan Audi isə Fransanın dəstəyinin əhəmiyyətinə diqqət çəkərək belə deyib: “Fransanın Livana göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Bu dəstək ordumuzun vəzifələrini yerinə yetirmə qabiliyyətini gücləndirir”.
Audi əlavə edib ki, bu yardım iki ölkə arasında hərbi əməkdaşlığın dərinliyini göstərir.
VAB zirehli texnikası çoxməqsədli vəzifələrdə istifadə olunur
Təhvil verilən VAB (Véhicule de l’Avant Blindé) zirehli personal daşıyıcıları Fransa istehsalı olan 4x4 platformalar kimi müxtəlif vəzifələrdə istifadə oluna bilir.
Texnika şəxsi heyətin daşınması, komanda-idarəetmə vəzifələri, yaralıların təxliyəsi və daxili təhlükəsizlik əməliyyatlarında aktiv rol oynaya bilir. Zirehli gövdə quruluşu sayəsində yüngül silah atəşinə və qəlpə təsirlərinə qarşı qoruma təmin edir.
Müxtəlif ərazi şəraitlərində fəaliyyət göstərə bilən platforma şəhər və kənd əməliyyatları üçün uyğun mobillik qabiliyyəti təqdim edir.
Livan ordusunun əməliyyat imkanları artırılır
Təhvilin Livan ordusunun xüsusilə daxili təhlükəsizlik, sərhəd nəzarəti və sürətli müdaxilə qabiliyyətlərini gücləndirəcəyi gözlənilir.
Fransa uzun müddətdir ki, Livanın əsas müdafiə tərəfdaşlarından biri kimi təlim, avadanlıq və logistika dəstəyi göstərməyə davam edir. Daha əvvəl də zirehli texnika və müxtəlif hərbi avadanlıqlar Livan ordusuna təhvil verilmişdi.
Sevinc Əliyeva
Ordu.az