Ordu.az xəbər verir ki, bu barədə Londonun ICE fyuçers birjası və TASS-ın hesablamalarına əsasən məlumat verilib.
Fevralın 27-də qaz fyuçersləri 1000 kubmetr üçün təxminən 388 dollar idi, martın 31-də isə 596 dollar səviyyəsində bağlanıb ki, bu da fevralın sonu ilə müqayisədə 54% artım deməkdir.
Bundan əlavə, Avropada qazın qiyməti 2025-ci ilin mart ayının orta göstəricisi ilə müqayisədə 36% yüksək olub.
Ümumilikdə, 2026-cı ilin birinci rübündə orta qiymət 1000 kubmetr üçün 482 dollar təşkil edib. Müqayisə üçün, bu göstərici 2025-ci ilin birinci rübündə 509 dollar, dördüncü rübündə isə 362 dollar olub.
Mart ayında qiymətlərin kəskin artması fevralın sonunda ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlarla əlaqələndirilir. Regionda bir sıra ABŞ hərbi obyektləri də zərbələrə məruz qalıb.
Münaqişə nəticəsində Hörmüz boğazının bağlanması qlobal enerji bazarına ciddi təsir göstərib, çünki dünya neftinin və mayeləşdirilmiş təbii qazın təxminən beşdə biri bu marşrutdan daşınır.
Bundan başqa, Yaxın Şərqdə qaz infrastrukturu da zədələnib. Xüsusilə, Qətərin dövlət enerji şirkəti “Qatar Energy” “Ras Laffan” obyektində yerləşən LNG zavodunun raket zərbələri nəticəsində ciddi ziyan gördüyünü açıqlayıb. Zavodun tam bərpasının illər çəkə biləcəyi bildirilir.
Bütün bu amillər Avropa və Asiyada qaz qiymətlərinin artmasına səbəb olub. Hazırda Avropada yeraltı qaz anbarlarının doluluq səviyyəsi cəmi 28% təşkil edir. Bu isə qarşıdakı qış mövsümü ərəfəsində əlavə risklər yaradır.
Sevinc Əliyeva
Ordu.az