Ordu.az xəbər verir ki, bu barədə “Foreign Policy” yazır.
Nəşr bildirib ki, müharibənin başlanmasından bir ay sonra İran sadəcə mövcudluğunu qoruyub saxladığı üçün qalib sayılır.
“Keçən həftə dərc olunmuş “Pew Research” sorğusuna əsasən, amerikalıların 61%-i Trampın İrana qarşı siyasətini dəstəkləmir. Bu göstəricilər Trampa ümumi dəstək səviyyəsini əks etdirir və əsasən partiya mənsubiyyətinə görə fikir ayrılığının olduğunu göstərir. Diqqət çəkən məqam ondan ibarətdir ki, on respublikaçıdan yeddisi və on demokratdan cəmi biri Ağ Evin müharibəni necə apardığını dəstəkləyir.
ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatlarının uğurunu qiymətləndirməyin başqa bir yolu vurulan zərərin miqyasıdır.
ABŞ və İsrail İrana daha böyük zərər vurub. İranın bir neçə yüksək vəzifəli siyasi və hərbi rəhbəri, o cümlədən Ali lider Əli Xameneyi öldürülüb”, - deyə KİV qeyd edib.
Müəllif bildirib ki, İranın hərbi hava və hərbi dəniz qüvvələri böyük ölçüdə məhv edilib, nüvə proqramı geri atılıb, ballistik raket imkanları isə azaldılıb.
“Bundan əlavə, İranın əsas müttəfiqlərindən biri olan Livandakı “Hizbullah” intensiv bombardmanlara məruz qalıb.
Bununla yanaşı, əsas nəticə ondan ibarətdir ki, İran əsas nəqliyyat və ticarət yollarını kəsməyə nail olub və uzunmüddətli ciddi zərər görməyib.
Bəs niyə belə təəssürat yaranır ki, ABŞ döyüşdə qalib gəlir, amma müharibədə uduzur? Cavab şişirdilmiş gözləntilərdədir. İranın mövcudluğunu qoruyub saxlaması və qlobal iqtisadiyyata zərər vurmağa davam etməsi, həmçinin ABŞ-nin rəqiblərini gücləndirməsi onu daha əlverişli mövqedə göstərir. Müharibə şəraitində sağ qalmaq Tehranın həmişə əsas strateji məqsədi olub”, - deyə nəşr qeyd edib.
Sevinc Əliyeva
Ordu.az