Tramp və kəşfiyyat rəhbəri Tulsi Qabbard İranın nüvə məsələsində necə fərqlənirlər?

2026/03/1774963214.jpg
Oxunub: 500     17:19     31 Mart 2026    
ABŞ-nin prezidenti Donald Tramp İranın nüvə imkanları məsələsinə yanaşmada özü ilə kəşfiyyat rəhbəri Tulsi Qabbard arasında “bir qədər fərq” olduğunu etiraf edib.

“Air Force One” təyyarəsində jurnalistlərin Qabbarda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru kimi hələ də etimadının olub-olmaması ilə bağlı sualını cavablandıran Tramp bildirib ki, etimadı var, lakin İran məsələsində fərqli mövqeləri mövcuddur.

“Onun düşüncə tərzi mənimkindən bir qədər fərqlidir, amma bu, kiminsə xidmət etməsinə mane olmur. Mən çox qəti mövqedəyəm ki, İranın nüvə silahı olmasını istəmirəm, çünki onların nüvə silahı olsa, onu dərhal istifadə edərlər. Düşünürəm ki, o, bu məsələdə bir qədər daha yumşaqdır, amma bu normaldır”, - deyə o bildirib.

Məsələ ilə bağlı şərh üçün müraciət edildikdə, Milli Kəşfiyyat Direktoru Ofisi TIME jurnalına Ağ Evin kommunikasiya direktoru Stiven Çeunqun bəyanatını təqdim edib: “Prezident Tramp çıxışında dediyi kimi, o, direktor Qabbarda və onun gördüyü yorulmaz işə güvənir”.

Qabbard martın 18-də Senatın Kəşfiyyat Komitəsinin gərgin keçən iclasında İranın nüvə kəşfiyyatı ilə bağlı iddialara dair suallarla üzləşib.

Əvvəllər Demokrat Partiyasından konqres üzvü olmuş və sonradan partiyanı tərk edən kəşfiyyat rəhbəri bildirib ki, ötən ilin iyununda ABŞ və İsrailin İranın üç əsas nüvə obyektinə endirdiyi birgə zərbələrdən sonra İran uranın zənginləşdirilməsi proqramını bərpa etməyib.

“Midnight Hammer” əməliyyatının nəticəsi olaraq İranın nüvə zənginləşdirmə proqramı tamamilə məhv edilib”, - deyə Qabbard dinləmədən əvvəl təqdim etdiyi giriş bəyanatında yazıb. Qabbard, həmçinin qeyd edib: “O vaxtdan etibarən onların zənginləşdirmə imkanlarını bərpa etmək üçün heç bir cəhd olmayıb. Bombalanmış yeraltı obyektlərin girişləri torpaq altında qalıb və sementlə bağlanıb”.

Qabbard bu bəyanatın İranın zənginləşdirmə imkanlarını bərpa etməməsi ilə bağlı hissəsini iclas zamanı şifahi çıxışında səsləndirməyib.

Onun qiymətləndirməsi Trampın fevralın 28-də İrana qarşı zərbələr endirmək qərarının əsaslandırılmasından biri ilə ziddiyyət təşkil edir.

Martın 4-də Konqres rəhbərləri ilə görüş zamanı Tramp israr edib: “Əgər biz iki həftə ərzində zərbə endirməsəydik, onların artıq nüvə silahı olacaqdı”.

Tramp bu fikri martın 27-də Floridada etdiyi çıxış zamanı da təkrarlayıb.

“Yadınızda saxlayın, onlar iki həftə uzaqlıqda idilər. Onlar iki həftə uzaqlıqda idilər (...) Əgər biz onları ciddi şəkildə vurmasaydıq, iki-dörd həftə ərzində nüvə silahı əldə edəcəkdilər”, - deyə o bildirib.

Tramp administrasiyasının İran müharibəsi ilə bağlı təqdim etdiyi fərqli əsaslandırmalar və münaqişənin artan xərcləri həm Demokrat, həm də Respublikaçı düşərgələrdə tənqid və narahatlıq doğurub.

Tramp yanaşmadakı fərqləri etiraf etsə də, müharibəyə ümumi dəstəyin güclü olaraq qaldığını iddia edib.

Qabbard haqqında danışarkən Tramp jurnalistlərə bildirib ki, “əksər insanlar” İran müharibəsini dəstəkləyir. “Əksər insanlar etdiklərinizə görə sizə təşəkkür edir”, - deyə o bildirib.

Buna baxmayaraq, müxtəlif sorğular amerikalıların böyük hissəsinin müharibəyə qarşı olduğunu göstərir.

Martın 25-də dərc olunan “Pew Research” sorğusuna görə, amerikalıların təxminən 61%-i Trampın münaqişəni idarə etməsini bəyənmir, 37%-i isə dəstəkləyir.

Həmin gün yayımlanan Quinnipiac Universitetinin sorğusuna əsasən, qeydiyyatdan keçmiş seçicilərin 42%-i hesab edir ki, bu müharibə dünyanı daha az təhlükəsiz edir.

Müharibə ABŞ rəsmiləri arasında da fikir ayrılıqlarını üzə çıxarıb.

Antiterror üzrə yüksək vəzifəli məmur Co Kent martın 17-də İranla müharibə qərarına etiraz edərək istefa verib və Trampa ünvanladığı məktubda İranın “yaxın təhlükə” yaratmadığını bildirib.

“Vicdanım mənə davam edən İran müharibəsini dəstəkləməyə imkan vermir. İran ölkəmiz üçün yaxın təhlükə yaratmırdı və aydındır ki, bu müharibəyə İsrail və onun güclü Amerika lobbilərinin təzyiqi ilə başlamışıq”, - deyə Kent yazıb.

Martın 19-da Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində keçirilən dinləmədə Qabbard Kentin İsraillə bağlı bəyanatının onu narahat edib-etmədiyi sualına “bəli” cavabını verib.

Tramp isə Kentin istefasını əhəmiyyətsiz sayaraq onu “yaxşı adam”, lakin “təhlükəsizlik məsələlərində çox zəif” adlandırıb.

Daha əvvəl xarici müdaxilələrə qarşı çıxan mövqe sərgiləmiş vitse-prezident Cey Di Vens Kentin yanaşmasını tənqid edərək bildirib ki, administrasiyanın vəzifəsi prezidentin qərarlarını şəxsi fikirlərindən asılı olmayaraq mümkün qədər effektiv və uğurlu etməkdir.

Eyni zamanda, Trampın xarici müharibələrdən uzaq durmaqla bağlı seçki vədindən geri çəkilməsi ilə bağlı tənqidlər artır.

Tramp 2024-cü ildə ABŞ-ni xarici müharibələrə cəlb etməmək və diqqəti daxili rifaha yönəltmək vədi ilə seçki kampaniyası aparmışdı.

Fevralda, İrana qarşı ilk zərbələrdən bir neçə gün əvvəl Ağ Ev onu “Sülh prezidenti” adlandırmışdı.

Lakin bu adlandırma artıq sual altına düşüb.

Tramp ikinci prezidentlik müddətində İrandan Venesuelaya qədər bir sıra ölkə və ərazilərə zərbələr endirib və ABŞ-İran razılaşması tezliklə əldə olunmasa, əlavə hərbi addımlar atmaqla hədələyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Qabbard   ABŞ  


Bizi "telegram"da izləyin