Ordu.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami “Armenpress”ə verdiyi müsahibədə Yaxın Şərqdə son günlər baş verən hadisələr fonunda iki ölkə arasındakı dövlət sərhədinin əhəmiyyətini şərh edərkən deyib.
“Şəxsən həftəsonu sərhəd-keçid məntəqəsində olmuşam və İran tərəfində sərhəd, təhlükəsizlik və gömrük qurumlarının rəhbərləri ilə görüşlər keçirmişəm. Bir çox məsələləri müzakirə etdik, o cümlədən yalnız mövcud situasiya ilə bağlı problemləri deyil, həm də quru sərhədi ilə əlaqəli əsas məsələləri və müəyyən çətinlikləri nəzərdən keçirdik. Ermənistan tərəfi də eyni çətinliklərlə bağlı bəzi narahatlıqlarını ifadə etmişdi, buna görə həmin məsələləri müzakirə etdik. Əminik ki, ciddi problem yoxdur və bütün məsələlər həll olunacaq”, - deyə diplomat bildirib.
Səfir qeyd edib ki, o, mütəmadi olaraq sərhəd xidmətinin əməkdaşları ilə əlaqə saxlayır və bu müddətdə heç bir qeyri-adi hadisə qeydə alınmayıb.
“Sərhəddə qarışıqlıq və ya sıxlıq yoxdur. Son günlər İrandan Ermənistana gələn yük maşınlarının axını azalıb, lakin bu, İranda qeyd olunan Novruz bayramı ilə bağlıdır. İnsanlar ailələri ilə birlikdə milli bayramlarını qeyd edirlər”, - deyə Şirğolami bildirib.
Diplomat həmçinin Zəngəzur vilayətinin rəhbəri Robert Qukasyanla görüşdüyünü və vilayət, eləcə də sərhəd-keçid məntəqəsi ilə bağlı məsələlər üzrə səmərəli müzakirə apardıqlarını bildirib.
“Fürsətdən istifadə edərək yerindəcə Aqarak-Qacaran 32 kilometrlik yolun tikinti işlərinin gedişi ilə tanış oldum. Bildiyiniz kimi, bu işlərdə İran şirkətlərindən biri iştirak edir. Tikinti işlərinin keyfiyyətlə və sürətlə aparıldığını görməkdən məmnun oldum. Ümid edirəm ki, yaxın gələcəkdə birlikdə Qacaran tunelinin istismar sənədinin imzalanma mərasimini işıqlandıracağıq.
Daha sonra Noravan yarımstansiyasına baş çəkdim, burada elektrik ötürücü üçüncü xətt tikilir. Razılaşdıq ki, qısa fasilədən sonra işlər mümkün qədər tez bərpa edilsin. Təəssüf ki, müharibə səbəbindən bu il İrandan Ermənistana daha çox turist axınını təmin edə bilmədik”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az