Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Trampın mətbuat katibi Kerolayn Levitt bazar ertəsi jurnalistlərin ərəb dövlətlərinin mövcud müharibə üçün ödəniş edib-etməməli olduqları barədə sualını cavablandırıb. Bu, 1990-1991-ci illərdə keçirilən “Səhrada tufan” əməliyyatının nümunəsi ilə müqayisə olunub. Həmin vaxt ABŞ müttəfiqləri Amerika qoşunlarının rəhbərlik etdiyi çoxtərəfli qüvvələrin Küveytin azad edilməsində maliyyə dəstəyi göstərmişdilər.
“Düşünürəm ki, prezident belə bir müraciəti böyük maraqla edəcək. Bu məsələ ilə bağlı onun fikirlərini qabaqlamaq istəməzdim, amma dəqiq bilirəm ki, onun belə bir ideyası var və düşünürəm ki, siz bunu birbaşa ondan eşidəcəksiniz”, - deyə “Al Jazeera” Levittdən sitat gətirib.
Pentaqon nümayəndələri Konqresə bildiriblər ki, İran ilə əməliyyatın ilk altı günündə xərclər 11,3 milyard dollar təşkil edib. Strateji və Müdafiə Araşdırmaları Mərkəzinin qiymətləndirməsinə görə, ilk 12 gün ərzində bu rəqəm 16,5 milyard dollara çatıb.
Son məlumatlara əsasən, müharibənin bir günü ABŞ üçün orta hesabla 1,38 milyard dollara başa gəlir, lakin bu göstərici döyüş əməliyyatlarının intensivliyindən, istifadə olunan silahların miqdarından və gücündən, həmçinin cəlb olunan qüvvələrin miqyasından asılı olaraq dəyişə bilər.
Tramp eyni zamanda Konqresdən hərbi kampaniya və istifadə olunmuş sursat ehtiyatlarının bərpası üçün əlavə 200 milyard dollar ayırmağı xahiş edib.
35 il əvvəl Fars körfəzi müharibəsi zamanı region ölkələri və koalisiya üzvləri, o cümlədən Almaniya və Yaponiya ABŞ-nin xərclərini qarşılamaq üçün 54 milyard dollar toplamışdılar ki, bu da bugünkü məzənnə ilə təxminən 134 milyard dollar edir.
Lakin həmin vaxt koalisiya BMT mandatına malik idi və Küveyti işğal edən İraq qoşunlarından azad etməli idi. Hazırda isə ABŞ və İsrail heç bir tərəfin dəstəyi olmadan İran əleyhinə hərbi əməliyyat başlayıblar.
Sevinc Əliyeva
Ordu.az