Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Leninqrad vilayətinin səmasında 38 pilotsuz uçuş aparatı məhv edilib. Ust-Luqa limanında zədələr var”, - deyə vilayət qubernatoru Aleksandr Drozdenko “Telegram” kanalında bildirib.
Son bir həftə ərzində Ust-Luqa artıq dördüncü dəfə Ukrayna pilotsuz uçuş aparatlarının hədəfi olub. Bundan əvvəl limana martın 25-i, 27-si və 29-u zərbələr endirilib. Bu hücumlar nəticəsində limanın fəaliyyəti vaxtaşırı dayandırılıb.
Ust-Luqa yanacaq terminalları vasitəsilə neft, nafta, mazut, aviasiya kerosini və qazoyl ixrac olunur. Gündəlik olaraq burada təxminən 700 min barel yanacaq daşınır. Baltik dənizində bu, Rusiyanın neft ixracına görə Primorskdan sonra ikinci limandır.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyevin tərəfdaşları qlobal enerji böhranı fonunda Rusiyanın neft obyektlərinə zərbələrin azaldılmasını istəyiblər. Onun sözlərinə görə, Kiyev buna yalnız Moskva Ukraynanın infrastrukturuna hücumları dayandıracağı halda razı olacaq.
Sevinc Əliyeva
Ordu.az