Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri məlumat yayıb.
Nəşr bildirir ki, parlament sədri Alen Simonyanın anası, “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndəsi Marina Hovhannisyan iki il əvvəl vətəndaşların üzərinə tüpürmüş və orta barmağını göstərərək onları təhqir etmişdi.
“Jurnalistin bu barədə sualından sonra özü də 2023-cü ilin aprelində bir vətəndaşın üzünə tüpürmüş Alen Simonyan ictimai şəkildə reaksiya verərək jurnalistlərin guya anasına “hücum etdiyini” və onu təhrik etdiyini deyib. Halbuki sual onun anasının daha əvvəl nümayiş etdirdiyi ictimai davranışla bağlı olub”, - deyə KİV yazıb.
Nəşr qeyd edib ki, həmin gün jurnalistlərin suallarını cavablandıran parlamentin “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan özü və ailəsi ilə bağlı iddia olunan korrupsiya sövdələşmələri barədə suallardan yayınaraq sonradan sosial şəbəkələrdə jurnalisti təhqir edən video yayıb.
“Bundan başqa, fraksiya katibi Artur Hovhannisyan da narkotiklə bağlı işi barədə sual-cavabdan sonra mediaya açıq şəkildə reaksiya verərək jurnalistin suallarını tənqid edib.
Parlament sədrinin müavini Ruben Rubinyan ilə “Hraparak” qəzeti arasında da gərgin vəziyyət yaranıb və vitse-spiker jurnalisti təhqir edib, hədəfə alıb”, - deyə KİV bildirib.
Nəşrə görə, bütün bu hallarda ortaq mənzərə ondan ibarətdir ki, ictimai maraq doğuran mövzulara dair jurnalist sualları cavablandırılmaq əvəzinə, medianın özünə yönəlmiş açıq reaksiyalarla qarşılanıb.
“Media ekspertləri dəfələrlə qeyd ediblər ki, rəsmilərin jurnalist suallarına cavab verərkən media qurumlarını hədəfə alması gərginliyi daha da artıra və peşəkar fəaliyyət mühitinə mənfi təsir göstərə bilər”, - deyə müəllif yazıb.
Alpər Mövludoğlu
Ordu.az