Ordu.az xəbər verir ki, bu barədə “Food Business Middle East & Africa” məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanının limanlar idarəsi “Mawani” və “Gulftainer” logistik şirkəti BƏƏ-dəki Xor Fakkan konteyner terminalını Səudiyyə Ərəbistanının Dammam şəhəri ilə birləşdirən multimodal dəhlizin istifadəyə verildiyini elan edib. Layihədə dəniz və quru nəqliyyatından istifadə olunacaq və bununla “yükdaşıma səmərəliliyinin artırılması, tranzit vaxtının azaldılması” hədəflənir.
Bildirilib ki, layihə iki ölkənin limanlarının inteqrasiyasını nəzərdə tutur. Buraya Hörmüz boğazından kənarda yerləşən Xor Fakkan terminalı, Şarjadakı Səca limanı və daxili logistika mərkəzləri daxildir.
Qeyd olunur ki, bu marşrut vasitəsilə təzə, dondurulmuş və qablaşdırılmış ərzaq da daxil olmaqla zəruri idxal məhsulları Səudiyyə Ərəbistanına və Fars körfəzinin digər bazarlarına gecikmələr və təhlükəsizlik riskləri olmadan çatdırıla biləcək.
Sevinc Əliyeva
Ordu.az