Ordu.az xəbər verir ki, bu barədə “Hayakve” ictimai-siyasi hərəkatının nümayəndəsi Menua Soğomonyan bildirib.
Onun sözlərinə görə, hadisələrin inkişafının iki ssenarisi var. Siyasətçi hesab edir ki, əgər hakimiyyət qalib gəlsə, ölkəni turbulent dövr gözləyir. O iddia edib ki, buna cavab olaraq hökumət öz “diktaturasını” möhkəmləndirməyə çalışacaq və parlamentdə çoxluq əldə edəcəyi halda müxalifətə qarşı “ov” başlayacaq.
“Bunu indidən, siyahılar tərtib olunarkən nəzərə almaq vacibdir”, - deyə Soğomonyan bildirib.
Onun fikrincə, Bakı sərhəddə mövcud olan indiki sakitliyin əvəzində Paşinyan komandasından anklavları tələb edəcək.
“Onlar açıq mətnlə deyirlər ki, əgər üçdə iki çoxluğumuz olmasa, müharibə olacaq. Çünki məsələ çox sadədir: əgər indi biz atəş açmırıqsa, indi sənə “zəhər” veririk ki, xalqına deyəsən hazırda sülh var, onda sən bunun əvəzini ödəməlisən. Bunun ən real qarşılığı Kərki, Yuxarı Əskipara, Sofulu və Bərxudarlı ərazilərinin, başqa sözlə, anklavların onlara verilməsi ola bilər”, - deyə o qeyd edib.
Soğomonyan əlavə edib ki, güzəştlər üçün ən münasib dövr iyul-avqust aylarıdır. Onun sözlərinə görə, əgər bu ssenari baş tutsa, məyusluq böyük olacaq və buna iqlim xüsusiyyətləri, isti hava da təsir edəcək.
Siyasətçi ikinci ssenari kimi müxalifətin daha çox səs toplamasını göstərib. O təklif edib ki, əvvəlcədən belə bir prinsip ətrafında razılıq əldə olunsun: mövcud hakimiyyəti uzaqlaşdırmaq imkanı varsa, istənilən səs bundan ötrü istifadə edilməlidir.
“Necə ki, bu seçkilər qeyri-adi olacaq, eləcə də seçkidən sonrakı proseslər də qeyri-adi inkişaf edəcək. Ermənistan bu hakimiyyətlə bu gün bir çox qlobal güc mərkəzləri, hətta Moskva üçün də əlverişlidir”, - deyə Soğomonyan iddia edib.
O hesab edir ki, yeni hakimiyyətin qarşısında cəmiyyətin barışdırılması istiqamətində böyük iş dayanır. Həmçinin, onun fikrincə, elə bir idarəetmə sistemi qurulmalıdır ki, hakimiyyətin və onun institutlarının, ilk növbədə isə prokurorluğun uzurpasiyası mümkün olmasın.
“Hazırkı hakimiyyətə parlamentdə üçdə iki çoxluq ona görə lazımdır ki, baş prokurorun səlahiyyət müddəti başa çatır. Anklavların təhvil verilməsi cinayətdir və onlara sadiq prokuror lazımdır ki, bu cinayət cəzasız qalsın”, - deyə Soğomonyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az