Erməni ekspert: “Rusiyanın nələrə qadir olduğu və hansı taktikanı seçəcəyi Paşinyan üçün çox qeyri-müəyyəndir”

2026/03/1774700378.jpg
Oxunub: 612     19:30     01 Aprel 2026    
“Müxalifət hakimiyyətə gəldikdən sonra ilk növbədə müharibəni dayandırmalı və yalnız bundan sonra ləyaqətli sülhə nail olmağa çalışmalıdır”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi texnologiyalar mütəxəssisi Vigen Hakobyan deyib.

“Biz hazırda Ermənistan-Azərbaycan müharibəsinin hibrid mərhələsindəyik. Biz sülh mərhələsində yox, məhz hibrid müharibə mərhələsindəyik. Yəni müharibənin “isti fazası” hazırda sadəcə hibrid faza ilə əvəzlənib. Təəssüf ki, bu faza istənilən an yenidən “isti faza” ilə əvəzlənə bilər ki, hazırda Nikol Paşinyan da hamımızı bununla qorxudur.

Buna görə də müxalifətin əsas məqsədi hakimiyyətə gəlmək və hər şeydən əvvəl Azərbaycanla Ermənistan arasındakı müharibəni dayandırmaq, yəni sülh bərqərar etmək olmalıdır, alternativ, ləyaqətli və ya digər sülh növləri haqqında danışmaq olmamalıdır. Hazırda faktiki olaraq Azərbaycanla Ermənistan arasında müharibə gedir. Biz başa düşməliyik ki, sülh yoxdur, müharibə var, sadəcə müharibənin müxtəlif formaları olur”, - deyə Hakobyan qeyd edib.

Erməni politoloqun sözlərinə görə, hazırkı məqamda siyasi sahədə əsasən dörd müxalif formatın formalaşması müşahidə olunur: Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan”, Ermənistanın ikinci prezidentinin başçılıq etdiyi “Hayastan” bloku, Tsarukyanın təşəbbüsü ilə yaradılan “Ermənistana təklif” və “Birliyin qanadları”, “HayaKve”, “Şant” alyanslarının birliyi.

O qeyd edib ki, Respublikaçılar Partiyasının seçkilərdə iştirak edib-etməyəcəyi isə hələlik məlum deyil.

“Bu dördlük haqqında danışarkən taktiki baxımdan ayrı-ayrı vahidlər olsalar da, cəmiyyət tərəfindən strateji olaraq eyni məqsədə xidmət edən, eyni hədəfə vuran qüvvələr kimi qəbul edilmələri çox vacibdir.

Başqa sözlə, əsas məqsəd bugünkü hakimiyyəti devirmək olmalıdır. Müxalif seçici, kimə üstünlük verməsindən asılı olmayaraq, anlamalıdır ki, bütün bunların nəticəsində “Vətəndaş Müqaviləsi” partiyasını hakimiyyətdən uzaqlaşdıra biləcək vahid bir müxalif qütb formalaşa bilər.

Müxalifətin hansı halda qalib gələ biləcəyi sualına gəlincə, hesab edirəm ki, müxalifətin bu dəfə öz əsas problemini həll etmək üçün kifayət qədər yaxşı imkanları var”, - deyə Hakobyan vurğulayıb.

Erməni siyasi texnoloqun qiymətləndirməsinə görə, Nikol Paşinyanın əsəbi davranışı həm də onunla bağlıdır ki, o, özünə dəstək verən xarici resursları götür-qoy edir.

“Bütün təhlillər göstərir ki, o, yalnız Azərbaycan və Türkiyəyə ümid bəsləyə bilər. Paşinyanı ən çox narahat edən məqam odur ki, Rusiyanın nələrə qadir olduğu və bu seçkilərə münasibətdə hansı taktikanı seçəcəyi onun üçün çox qeyri-müəyyəndir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakobyan   Ermənistan  


Bizi "telegram"da izləyin