Erməni ekspert: “Ermənistan üçün əsas məsələ “nə tikmək” deyil, “nə üçün tikmək” sualıdır”

2026/03/1773215883.jpg
Oxunub: 369     16:19     24 Mart 2026    
“Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı müzakirələr, xüsusilə kiçik modul tipindən iri bloklara qədər müxtəlif gücə malik reaktorların təklif olunması ölkənin enerji təhlükəsizliyi üçün bir sıra fundamental riskləri aktuallaşdırır”.

Ordu.az xəbər verir ki, bu barədə enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan yazıb.

Onun sözlərinə görə, ilk növbədə başa düşmək lazımdır ki, Ermənistan texnoloji eksperiment meydanına çevrilməməlidir.

“Kiçik modul reaktorlar (SMR) ideyası elastikliyi və nisbətən aşağı ilkin investisiya tələbi ilə cəlbedici görünsə də, hələ tam sənaye miqyasında özünü doğrultmayıb. Dünya təcrübəsində bu tip layihələrin əksəriyyəti konseptual və ya sınaq mərhələsində qalır. Bu şəraitdə belə texnologiyaların kiçik və həssas enerji sisteminə malik ölkədə tətbiqi yalnız texniki deyil, həm də sistemli risklər yarada bilər”, - deyə Davtyan bildirib.

Erməni ekspert qeyd edib ki, ikinci risk modul reaktor seçiminin ixrac imkanlarını məhdudlaşdırması ilə bağlıdır.

“Əgər Ermənistan iri bazis generasiyasından imtina edib kiçik modul həllərə üstünlük verərsə, enerji sistemi regional elektrik enerjisi oyunçusu olmaq imkanını itirə bilər. Bu, xüsusilə İran və Gürcüstanla enerji mübadiləsi kontekstində mühüm əhəmiyyət kəsb edir.

Üçüncü məqam maliyyə-iqtisadi hesablamalarla bağlıdır. Kiçik reaktorların tikintisi nisbətən ucuz olsa da, onların istehsal etdiyi elektrik enerjisinin maya dəyəri mövcud qiymətləndirmələrə görə iri bloklarla rəqabət apara bilmir. Bu isə uzunmüddətli perspektivdə istehlakçılar üçün daha yüksək tariflər deməkdir və sosial-iqtisadi baxımdan həssas məsələdir.

Bu gün “Rosatom” tərəfindən təqdim olunan təklif sistemli baxımdan Ermənistanın uzunmüddətli enerji maraqlarına daha uyğun görünür. Buraya yanacaq tədarükü, istifadə olunmuş yanacağın idarə edilməsi və texniki xidmət daxil olmaqla tam dövr daxildir. Bu cür inteqrasiya olunmuş yanaşma kiçik bazara və məhdud resurslara malik ölkə üçün xüsusilə vacibdir, çünki sistem qeyri-müəyyənliklərini azaldır və istismar dövrü ərzində sabitlik təmin edir. Bundan əlavə, mövcud təcrübə və institusional əlaqələr alternativ modellərlə müqayisədə daha proqnozlaşdırıla bilən mühit yaradır”, - deyə Davtyan bildirib.

Erməni ekspert vurğulayıb ki, strateji planlaşdırmanın olmaması və ya qeyri-müəyyənliyi əsas riskə çevrilə bilər.

“Yeni atom elektrik stansiyasının istismar müddəti onilliklərlə ölçülür və bu gün qəbul edilən qərarlar faktiki olaraq Ermənistanın enerji sistemini yarım əsr irəliyə müəyyən edəcək. Buna görə seçim texnoloji müxtəlifliyə deyil, aydın şəkildə formalaşdırılmış milli enerji strategiyasına əsaslanmalıdır.

Yekunda, Ermənistan üçün əsas məsələ “nə tikmək” deyil, “nə üçün tikmək” sualıdır. Əgər bu suala sistemli cavab verilməsə, istənilən texnoloji həll yeni asılılıq, maliyyə yükü və strateji məhdudiyyətlər mənbəyinə çevrilə bilər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Davtyan  


Bizi "telegram"da izləyin