“Reuters”: Moskva neft emalı zavodunun 2027-ci ilə qədər fəaliyyətini bərpa etməsi gözlənilmir

2026/06/vcbcv-1782370351.jpg
Oxunub: 194     10:48     25 İyun 2026    
Ukrayna Pilotsuz Uçuş Aparatlarının (PUA) zərbələri nəticəsində ciddi ziyan görən Moskva neft emalı zavodunun bu il ərzində istehsalı bərpa etməsi ehtimalı çox aşağı qiymətləndirilir.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi neft sənayesindəki iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, müəssisə ən azı altı ay ərzində fəaliyyət göstərməyəcək.

Neft emalı zavodu Rusiyanın paytaxtı Moskvanın cənub kənarında, Kapotnya rayonunda yerləşir.

2026-cı ilin iyun ayında Ukraynanın uzaqmənzilli PUA-ları strateji əhəmiyyətə malik bu obyektə iki dəfə zərbə endirib.

İlk hücum iyunun 16-da baş verib. Hücumdan sonra zavodda yanğın başlayıb və tüstü kilometrlərlə uzaqdan müşahidə olunub.

Yerli sakinlərin yaydığı görüntülərə əsasən, Ukrayna Müdafiə Qüvvələri Moskva vilayətinə zərbələr endirmək üçün FP-1, “Lyutyi” və “Shahed” tipli PUA-lardan istifadə edib.

İkinci zərbə isə iyunun 18-də qeydə alınıb. Həmin gün yayımlanan görüntülərdə müəssisənin müxtəlif hissələrində, o cümlədən ELOU-AVT-6 qurğusunda bir neçə yanğın ocağının yarandığı görünürdü.

Bu qurğu xam neftin hazırlanması və ilkin emalı üçün nəzərdə tutulub. Onun əsas vəzifəsi xam nefti sonrakı yanacaq istehsalı üçün əsas fraksiyalara ayırmaqdır.

Kapotnya neft emalı zavodu Rusiyanın ən böyük on neft emalı müəssisəsindən biri hesab olunur və Moskva vilayətinin yanacaq tələbatının təxminən 40 faizini təmin edir.

Müəssisənin illik emal gücü 11 milyon ton neft təşkil edir. Zavod AI-80EK, AI-92EK və AI-95EK markalı benzin, dizel yanacağı, aviasiya kerosini, bitum, kükürd və müxtəlif polimerlər istehsal edir.

Bundan əvvəl Yaroslavl vilayətinin Rıbinsk şəhərində yerləşən Rusiyaya məxsus “Temp Kombinat” müəssisəsində baş verən genişmiqyaslı yanğın nəticəsində 15 yanacaq çəni məhv olmuşdu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin