WSJ: Putin Lukaşenkoya Ukraynaya qarşı yeni cəbhə açmaq üçün təzyiq göstərir

2026/06/gfhgh-1782370679.jpg
Oxunub: 310     10:57     25 İyun 2026    
Rusiya Belarusu Ukraynaya qarşı müharibəyə daha dərindən cəlb etmək və yeni cəbhə açmaq məqsədilə Aleksandr Lukaşenkoya təzyiq göstərir.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri hazırkı və keçmiş Rusiya və Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Moskva Belarus ərazisindən bir neçə strateji məqsəd üçün istifadə etməyə çalışır.

Kremlin əsas tələbləri arasında Belarus ərazisindən Ukraynaya qarşı Pilotsuz Uçuş Aparatı (PUA) hücumlarının həyata keçirilməsi və Ukrayna Müdafiə Qüvvələrinin şərqdəki əsas istiqamətlərdən yayındırılması məqsədilə qərb istiqamətində yeni döyüş cəbhəsinin açılması yer alır.

Bundan başqa, Rusiya Belarusu NATO üzvü olan qonşu dövlətlərə qarşı mümkün əməliyyatlar üçün dayaq məntəqəsi kimi nəzərdən keçirir. Məqsəd alyansın müdafiə imkanlarını yoxlamaq və Ukraynaya Qərb dəstəyini zəiflətməkdir.

Nəşr qeyd edir ki, hazırda şimal istiqamətindən genişmiqyaslı hərbi əməliyyatların başlanacağına dair əlamətlər yoxdur. Bununla belə, bu ssenari Vladimir Putin üçün hələ də aktual variant hesab olunur.

Moskva Lukaşenko rejiminə təzyiq göstərmək üçün Belarusun asılı olduğu maliyyə dəstəyinin azaldılması ilə bağlı təhdidlərdən istifadə edir. 2026-cı il iyunun 19-da Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Belarusun özünü lider elan etmiş rəhbərinin Ukrayna sərhədi yaxınlığında yerləşən PUA siqnal təkrarlayıcılarını sökməsi üçün bir həftə vaxtı var.

“Əgər cənab Lukaşenko bu müharibəyə cəlb olunmaq istəmədiyini deyirsə, ən azı öz xalqına qarşı səmimi olmalıdır. Çünki müharibəyə onun özü deyil, bütün ölkəsi cəlb oluna bilər. Həm də Rusiya tərəfindən”, - deyə Zelenski bildirib.

Ukrayna Prezidentinin sözlərinə görə, əgər Lukaşenko həqiqətən də müharibədə iştirak etmək istəmirsə, bir həftə ərzində həmin avadanlıqların sökülməsi mümkündür.

Zelenski həmçinin Belarusu Rusiya ordusuna neft məhsulları tədarük etməkdə ittiham edib.

Rusiya istehsalı olan “Geran-2” PUA-larının Ukraynaya qarşı hücumlar zamanı Belarus ərazisindən idarə olunması barədə ilk məlumatlar 2026-cı ilin yanvarında yayılmışdı.

Məlumata görə, Belarus ordusu Ukrayna istiqamətinə yönəlmiş Cənub Əməliyyat Komandanlığının formalaşdırılması işlərini də davam etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Lukaşenko  


Bizi "telegram"da izləyin