Erməni general kilsə ilə hakimiyyət arasında vasitəçidir?

2026/06/1782364005.jpg
Oxunub: 163     09:07     25 İyun 2026    
“Bütün ermənilərin katolikosu II Qaregin heç vaxt konstruktiv görüşlərin əleyhinə olmayıb. Hakim partiya nümayəndələrinin səsləndirdiyi digər iddialar isə reallıqla heç bir əlaqəsi olmayan təhrif edilmiş məlumatlar və saxta tezislərdir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Nəşrin məlumatına görə, “Vətəndaş Müqaviləsi” partiyasından olan erməni deputat, general Qaqik Melkonyan qəzetə müsahibəsində üç il əvvəl Baş nazir Nikol Paşinyanla II Qaregin arasında görüş təşkil etməyə çalışdığını bildirib.

Melkonyanın sözlərinə görə, bu məqsədlə o, Kotayk yeparxiyasının rəhbəri Arakel arxiyepiskop Kyaramyana müraciət edib. Erməni arxiyepiskopun da məsələ ilə bağlı Katolikosa müraciət etməyə razı olduğu qeyd edilir.

“Qaqik Melkonyan bildirib ki, həm Nikol Paşinyan, həm də Ali Patriarx görüşə razılıq verib. Lakin bir gün sonra Katolikos mövqeyini dəyişərək məktəblərdə “Erməni Kilsəsinin Tarixi” fənni bərpa olunana qədər Nikol Paşinyanla görüşməyəcəyini bildirib. Melkonyan həmçinin iddia edib ki, Katolikosun görüşdən imtina etməsinə müəyyən şəxslər təsir göstəriblər”, - deyə nəşr yazıb.

Qəzet bu iddialarla bağlı Müqəddəs Eçmiədzinin informasiya sisteminin direktoru keşiş Yesaya Artenyana müraciət edib.

“Bütün ermənilərin Katolikosu heç vaxt konstruktiv görüşə qarşı olmayıb. Müsahibənin qalan hissəsində yer alan fikirlər isə reallıqla heç bir əlaqəsi olmayan mülahizələrdir. Bunlar hakim qüvvənin nümayəndələri tərəfindən dövriyyəyə buraxılan təhrif edilmiş məlumatlar və saxta tezislərdir”, - deyə Artenyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kilsə  


Bizi "telegram"da izləyin