Ukrayna bir ay ərzində üçüncü dəfə Krasnodar və Adıgeyaya yanacaq təmin edən neft bazasına zərbə endirib

2026/06/1782375995.jpg
Oxunub: 215     12:17     25 İyun 2026    
2026-cı il iyunun 25-nə keçən gecə Ukrayna Pilotsuz Uçuş Aparatları (PUA) Krasnodar diyarında yerləşən “Poltavskaya” neft bazasına hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə Kuban Operativ Qərargahı məlumat yayıb.

Məlumata görə, PUA qalıqlarının obyektin ərazisinə düşməsi nəticəsində neft bazasında yanğın baş verib.

“İlkin məlumata əsasən, xəsarət alan yoxdur. Hadisə yerində operativ və xüsusi xidmət orqanlarının əməkdaşları işləyirlər”, - deyə açıqlamada bildirilib.

Hadisə ilə əlaqədar Poltavskaya yaşayış məntəqəsindən Trudobelikovski qəsəbəsinə gedən avtomobil yolunda hərəkət müvəqqəti məhdudlaşdırılıb.

“Poltavskaya” neft bazası Krasnodar diyarının bir hissəsini və Adıgeya Respublikasını benzin və dizel yanacağı ilə təmin edən regional yanacaq infrastrukturu obyektidir.

Müəssisənin anbar parkında 28 saxlama çəni mövcuddur.

Ukraynanın “Exilenova+” monitorinq kanalının məlumatına görə, hücum nəticəsində üç yanacaq çəni yanmağa başlayıb.

Bu, son bir ay ərzində sözügedən neft bazasına edilən üçüncü hücumdur. Bundan əvvəl obyekt 2026-cı il iyunun 6-sı və 16-da da PUA hücumlarına məruz qalmışdı.

Hər iki halda hücumlar güclü yanğınlarla müşayiət olunmuş, lakin insan tələfatı qeydə alınmamışdı.

Ötən gecə Ukrayna PUA-ları işğal altında olan Krımı da hədəfə alıb.

“Krımskiy Veter” monitorinq kanalı yerli sakinlərə istinadən Balaklava və Tavriya İstilik Elektrik Stansiyaları, eləcə də “Kaça” aerodromu istiqamətində zərbələrin endirildiyini bildirib.

Yarımadanın bir sıra şəhərlərində, o cümlədən Simferopol, Yalta və Yevpatoriya yaxınlığında qısamüddətli elektrik enerjisi kəsintiləri qeydə alınıb.

Bundan başqa, Simferopolda bir neçə partlayış səsi eşidilib.

“Exilenova+” kanalının məlumatına görə, PUA-ların kütləvi hücumunun əsas hədəflərindən biri də Sevastopol olub.

“Reuters” agentliyinin yazdığına görə, Ukrayna son dövrlərdə Rusiyanın yanacaq infrastrukturuna sistemli zərbələr endirir.

Agentliyin məlumatına əsasən, hücumlar nəticəsində Rusiyanın mərkəzi hissəsində yerləşən bütün neft emalı zavodlarının fəaliyyəti dayandırılıb və hazırda benzin istehsalı daxili tələbatın yalnız təxminən 80 faizini qarşılayır.

Rusiya ərazisinin Avropa hissəsindən Sibirdək əhatə edən 25 regionda hakimiyyət orqanları benzin və dizel yanacağının satışına məhdudiyyətlər tətbiq olunduğunu rəsmən elan ediblər.

Bundan əlavə, Ukrayna qüvvələri hava zərbələri vasitəsilə Rusiyadan Krıma tədarük marşrutlarını da məhdudlaşdırmağa çalışır.

Ukrayna Prezidenti Volodimir Zelenski Krımla bağlı əməliyyat planının dəqiq şəkildə hazırlandığını bildirib.

Onun sözlərinə görə, G7 çərçivəsində müzakirə olunan yardımın alınacağı təqdirdə Ukrayna Rusiyanı sülhə məcbur edə biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin