Rusiyada isə əvvəlcədən Starmerin istefası münasibətilə, görünür, sevinirdilər. Moskva hələ Baş nazir Consonun dövründən etibarən Ukrayna məsələsində Londondan narazıdır. Lakin Starmerin istefası Leyboristlər Partiyasını yeni hökumət formalaşdırmaq hüququndan məhrum etmir. Bu baxımdan Böyük Britaniyanın Ukrayna məsələsində prinsipial olaraq yeni mövqe nümayiş etdirməsi ehtimalı azdır.
Ancaq leyboristlər partiyanın yeni liderini və baş nazir postuna namizədini seçənə qədər Böyük Britaniya parlamentində “ölkədə demokratiyaya İsrailin təsiri” məsələsi müzakirə olunub. Bu barədə “Israel Inside” nəşri yazıb. Nəşrin məlumatına görə, “məsələ gündəliyə 100 min britaniyalının imzaladığı petisiya əsasında çıxarılıb”.
Yüz min britaniyalını Birləşmiş Krallığın ictimai-siyasi həyatına İsrailin təsirinin niyə narahat etməsini, yəqin ki, Böyük Britaniyanın Yaxın Şərqdə qüvvələr balansı ilə bağlı narahatlıqları ilə izah etmək olar.
Maraqlıdır, Britaniya parlamentinin müstəqil deputatı Adam bildirib ki, hökumətin “25 üzvündən 13-ü, 650 deputatdan isə 180-i İsrail tərəfindən maliyyələşdirilir və onun maraqlarını müdafiə edir”. Etnik ərəb əsilli deputat Ayub Xan isə açıq şəkildə “yəhudilərə qarşı ehtiyatlı olmağa çağırıb”.
Britaniya parlamentində səsləndirilən bu “antisemit bəyanatlar” ABŞ-nin vitse-prezidenti Vensin İsrailə ünvanladığı son açıqlama fonunda diqqət çəkir. O, Netanyahu hökumətinə tövsiyə edib ki, dünyada İsrailin yalnız bir müttəfiqinin qaldığını nəzərə alsın və bunun ABŞ olduğunu unutmasın.
“Ərəb mafiyası”nın rəsmi Londonun xarici siyasətinə nə dərəcədə təsir göstərdiyini söyləmək çətindir. Lakin Amerika mətbuatında qeyd olunur ki, prezident seçkilərində Donald Trampa “etnik ərəblər də böyük dəstək veriblər”. Böyük Britaniya İkinci Dünya müharibəsinin sonuna qədər Fələstini idarə edib və təbii olaraq Yaxın Şərqdə öz maraqlarına malikdir.
Böyük Britaniyanın yeni hökumətinə kimin rəhbərlik edəcəyindən asılı olmayaraq, Londonun geosiyasi maraqları məhdudlaşmayacaq. Lakin Ukrayna məsələsində leyboristlər Rusiyanın “rəqibi” olaraq qalacaqlarsa, İran və ümumilikdə Yaxın Şərq məsələlərində Londonla Vaşinqtonun “ortaq məxrəcə” gəlməyəcəyi birmənalı deyil.
Asif Cəfərov
Ordu.az