2040-cı ili gözləmədən: KNDS-in yeni CAPINT tankı ləngiyən MGCS layihəsinə qarşı

2026/06/Ekran-1782331357.jpg
Oxunub: 221     00:09     25 İyun 2026    
Tanklar həqiqətən mövcud olduqları zaman daha faydalıdırlar. CAPINT isə özündən sonra gələcək MGCS tankından illərlə, hətta onilliklərlə əvvəl döyüş meydanına çıxa bilər.

Fransa-Almaniya müdafiə sənayesi şirkəti KNDS ötən həftə Fransa Ordusunun köhnələn “Leclerc” tanklarını əvəz etmək üçün nəzərdə tutulmuş yeni əsas döyüş tankı CAPINT-i təqdim etməklə diqqət mərkəzinə düşüb.

Tankın keçid xarakteri onun adında da əks olunub. CAPINT adı fransız dilində “CAPacité INTermédiaire”, yəni “aralıq imkan” mənasını verir. Bu ad daha qabaqcıl Əsas Yerüstü Döyüş Sistemi (MGCS) istifadəyə verildikdən sonra CAPINT-in xidmət mərhələsini başa vuracağına işarə edir.

Lakin MGCS proqramında yaranan çətinliklər fonunda CAPINT real istehsala daha yaxındır. Döyüş meydanında bu gün mövcud olan tank, yalnız on və ya iyirmi ildən sonra xidmətə qəbul ediləcək tankdan daha dəyərlidir.

CAPINT tankı demək olar ki, hazırdır, MGCS isə hələ uzaqdadır

Fransa Ordusu yaxın gələcəkdə yeni tank əldə edə bilər. Parisdə keçirilən “Eurostat” müdafiə sərgisində KNDS şirkəti CAPINT tankının yaxın vaxtlarda Fransa Silahlı Qüvvələrinə təklif olunacağını açıqlayıb. Şirkət tankın dəqiq nə vaxt xidmətə qəbul ediləcəyini açıqlamayıb. Bununla belə, CAPINT-in MGCS-dən xeyli əvvəl istifadəyə veriləcəyi dəqiqdir. Çünki MGCS tankının 2040-cı illərdən əvvəl xidmətə qəbul olunması gözlənilmir.

CAPINT layihəsinin inkişafı beş əsas prinsip üzərində qurulub:

- Atəş gücü,
- Mühafizə,
- Pilotsuz Uçuş Aparatı (PUA) əleyhinə imkanlar,
- Hərəkətlilik,
- Rəqəmsallaşdırma.


Yeni tank mərkəzi platforma ətrafında formalaşdırılmış çoxplatformalı sistem olacaq. Açıq arxitekturaya və rəqəmsal nüvəyə malik olması gələcək modernləşdirmələri asanlaşdıracaq. Konstruksiya baxımından tank “Leopard” 2A8 şassisindən istifadə edəcək və 120 mm-lik hamar lüləli avtomatik doldurulan əsas topla təchiz olunacaq.

KNDS şirkətinin baş icraçı direktoru Yan-Pol Alari bildirib: “Bu sistemlər KNDS-in platformaları, sensorları, zərbə vasitələrini və rəqəmsal həlləri bir sistemlər sistemi daxilində birləşdirərək döyüş meydanının effektivliyini artırmaq qabiliyyətini nümayiş etdirir”.

KNDS CAPINT-i Fransa ordusunun köhnələn “Leclerc” tank parkı üçün aralıq əvəzləyici kimi təqdim edir. Fransa Silahlı Qüvvələri 1992-ci ildən etibarən təxminən 400 “Leclerc” tankı alıb. Hazırda onların təxminən 200-ü aktiv xidmətdədir, 185-ə yaxını isə ehtiyatda saxlanılır. “Leclerc” üçüncü nəsil əsas döyüş tankı hesab olunur.

Alari əlavə edib: “Biz Fransa və Almaniyanın imkanlarını vahid şirkət tərəfindən layihələndirilən, hazırlanan və dəstəklənən tam inteqrasiya olunmuş həllərdə birləşdiririk. Bu, Avropa sənaye əməkdaşlığını müştərilərimiz üçün konkret imkanlara çevirmək bacarığımızı göstərir”.

Tankın Almaniya Ordusunda xidmətə qəbul olunacağı gözlənilmir. Bunun əsas səbəbi Almaniyanın artıq yüksək effektivliyə malik “Leopard 2” tanklarından istifadə etməsidir. Bununla belə, CAPINT-in istehsalından Almaniya müdafiə sənayesi müəssisələri də faydalanacaq.

PUA dövründə tank müharibəsi daha mürəkkəbləşib

Bir çox ekspert tank döyüşlərinin keçmişdə qaldığını iddia etsə də, Ukrayna müharibəsi bu fikirlərin yanlış olduğunu göstərdi. Tanklar artıq bir neçə onillik əvvəlki rolu oynamır.

Heç kim 1943-cü ildə Kursk döyüşü zamanı Proxorovka yaxınlığında Almaniya və Sovet qüvvələri arasında baş vermiş, hər iki tərəfdən təxminən min əsas döyüş tankı və hücum artilleriya qurğusunun iştirak etdiyi nəhəng tank döyüşlərinin təkrarlanacağını gözləmir.

Kütləvi zirehli qüvvə döyüşlərinin dövrü başa çatsa da, tanklar hücum və müdafiə əməliyyatlarında hələ də mühüm rol oynayır. Həm Ukrayna, həm də Rusiya qüvvələri hər gün irəliləmək və ya şəhər mövqelərini müdafiə etmək üçün tanklardan geniş istifadə edir.

Tanklar arasında birbaşa qarşıdurmalar tez-tez baş verməsə də, belə hallara rast gəlinir. Bu reallıq dünyanın müxtəlif ölkələrinin ordularını tank müharibəsi doktrinalarını yenidən nəzərdən keçirməyə məcbur edib.

Nəticədə müasir döyüş meydanlarında geniş yayılmış PUA təhlükəsinə qarşı davamlı olan və eyni zamanda bütün yerüstü təhdidlərə qarşı üstünlük təmin edən yeni əsas döyüş tanklarının hazırlanması istiqamətində işlər sürətlənib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KNDS   CAPINT   MGCS  


Bizi "telegram"da izləyin