“Joğovurd”: Ermənistanın məhkəmə sistemində yeni həbslər gözlənilir

2026/06/1782364422.jpg
Oxunub: 205     09:17     25 İyun 2026    
“Ermənistanın hüquq-mühafizə sistemində son günlər məhkəmə hakimiyyəti ilə bağlı yeni və səs-küylü hadisələrin baş verəcəyi müzakirə olunur. Mənbələrin məlumatına görə, yaxın vaxtlarda rüşvət işi üzrə daha bir hakimin həbs olunması istisna edilmir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Nəşrin hüquq-mühafizə orqanlarındakı mənbələrinin bildirdiyinə görə, söhbət Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimlərindən birindən gedə bilər.

“Qəzetin məlumatına əsasən, hüquq-mühafizə orqanları keçmiş yüksəkvəzifəli şəxslərlə bağlı araşdırılmış bir sıra işlərin hallarını, eləcə də həmin işlər üzrə qəbul edilmiş məhkəmə qərarlarını yenidən öyrənirlər. Dövriyyədə olan məlumatlara görə, diqqət mərkəzinə düşən hakimin fəaliyyəti ilə bağlı əməliyyat və istintaq xarakterli tədbirlər həyata keçirilir”, - deyə məqalədə bildirilib.

Nəşr xatırladıb ki, bir neçə gün əvvəl “ArmLur.am” məhkəmə sisteminin bəzi nümayəndələri ilə bağlı yoxlama tədbirlərinin başlandığını yazmışdı.

“Bundan sonra Baş nazir Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə kifayət qədər sərt bəyanatla çıxış edib. O bildirib ki, bütün rüşvətxor hakimlər bir-bir tutulacaq və mühakimə olunacaqlar”, - deyə qəzet qeyd edib.

Məqalədə Paşinyanın açıqlamasından sitat da yer alıb.

“Deyirəm ki, hamı nə ilə məşğul olduğunu ciddi şəkildə düşünməlidir. Bütün rüşvətxor hakimlər bir-bir tutulacaq və mühakimə olunacaq. Belə cinayət işləri yarandıqca onların adları da açıqlanacaq”, - deyə Paşinyan bildirib.

“Joğovurd”un mənbələrinin məlumatına görə, baş nazirin bu açıqlamasından sonra hakimlərin fəaliyyəti ilə bağlı araşdırmalar hüquq-mühafizə orqanlarında xeyli intensivləşib.

“Məhkəmə sistemində yeni həbslərin olacağı gözlənilir”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Məhkəmə-sistemi  


Bizi "telegram"da izləyin