Myanmada FPV tipli PUA “Mi-17” helikopterini hədəfə alıb - VİDEO

2026/06/vcbcv-1782369699.jpg
Oxunub: 264     10:37     25 İyun 2026    
Myanma Xalq Müdafiə Qüvvələrinin bölmələri FPV tipli Pilotsuz Uçuş Aparatı (PUA) vasitəsilə Myanma Hərbi Hava Qüvvələrinə məxsus “Mi-17” helikopterinə zərbə endirib.

Ordu.az xəbər verir ki, hücumun görüntüləri “War Noir” hesabı tərəfindən “X” platformasında yayımlanıb.

Hadisə 2026-cı il iyunun 23-də Myaing şəhərindən 20 kilometr cənubda yerləşən Tvinma kəndi yaxınlığında baş verib.

Bu ərazi hökumətyönlü “Pyu Saw Htee” silahlı qruplaşmasının bazası kimi istifadə olunur. Tvinma kəndi 2026-cı ilin may ayında müqavimət qüvvələrinin yaxınlıqdakı Tayetkan polis bölməsini ələ keçirməsindən sonra təxminən 500 nəfərlik Tatmadaw hərbçisi üçün sığınacaq rolunu oynayıb.

Əməliyyat bir neçə inqilabi qrupun birgə iştirakı ilə həyata keçirilib. Zərbə qrupuna Pakokku, Pauk və Myainq bölgələrinin Xalq Müdafiə Qüvvələri bölmələri, Minbu rayonunun 4-cü taborunun kursantları, MGY-PDF regional bölmələri, həmçinin “Anyar Fighter” və “Saga Kyar” partizan qruplarının üzvləri daxil olub.

Helikopterin itirilməsinə cavab olaraq hərbi rejimin komandanlığı genişmiqyaslı cavab əməliyyatlarına başlayıb. Ərazi qırıcı təyyarələr və aşağı hündürlükdə bombardman üçün uyğunlaşdırılmış Çin istehsalı Y-12 yüngül nəqliyyat təyyarələrinin iştirakı ilə intensiv hava zərbələrinə məruz qalıb.

Myanmanın “Mi-17” helikopter parkı Rusiyanın Kazan Helikopter Zavodu və Ulan-Ude Aviasiya Zavodu kimi müəssisələrindən birbaşa satınalma yolu ilə formalaşdırılıb.

Ümumilikdə Myanma ən azı 21 belə helikopter əldə edib. Bunlara həm yeni istehsal olunan maşınlar, həm də əsaslı təmirdən sonra Rusiya Müdafiə Nazirliyinin ehtiyatlarından təhvil verilən helikopterlər daxildir.

İlk partiya 1995-ci ildə köhnəlmiş sovet istehsalı helikopterlərin əvəzlənməsi məqsədilə alınıb. İkinci partiya 1997-ci ildə Tailand sərhədində etnik qruplarla döyüşlərin intensivləşməsi fonunda logistik imkanların gücləndirilməsi üçün əldə edilib.

2004-cü ildə alınan üçüncü partiyaya yüksək temperatur və yüksək dağlıq şəraitdə fəaliyyət üçün uyğunlaşdırılmış “Klimov” TV3-117MT mühərrikləri ilə təchiz olunan modernləşdirilmiş versiyalar daxil olub. Dördüncü və son rəsmi alış isə 2013-cü ildə “Rosoboroneksport” vasitəsilə həyata keçirilib.

Hərbi rejim 2010-2019-cu illərdə quru qoşunlarına atəş dəstəyi vermək üçün 12 ədəd “Mi-24PM” hücum helikopteri də satın alıb.

Beynəlxalq sanksiyalara baxmayaraq, 2021-ci ildəki hərbi çevrilişdən sonra Rusiya ilə Myanma arasındakı hərbi-texniki əməkdaşlıq genişlənməkdə davam edir.

Bu əməkdaşlığın növbəti nümunəsi 2025-ci il noyabrın 7-də Naypyidoda keçirilən mərasimdə nümayiş etdirilib. Hərbi rejimin lideri Min Aunq Hlaynın iştirak etdiyi tədbirdə üç ədəd “Mi-38T” helikopteri və iki ədəd Çin istehsalı Y-8 nəqliyyat təyyarəsi təqdim olunub.

Bundan əvvəl, 2025-ci il mayın 22-də Myanma partizan qüvvələrinin hərbi rejimə məxsus helikopterlərə qarşı FPV tipli kamikadze PUA-larından istifadə etməyə başladığı bildirilmişdi.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Myanma   Mi-17   PUA  


Bizi "telegram"da izləyin