Tramp Ankaradakı NATO Zirvəsi üçün F110 və F-35 mesajı verdi

2026/06/1782369157.jpg
Oxunub: 223     10:31     25 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp iyul ayında Ankarada keçiriləcək NATO Zirvəsi ilə bağlı açıqlamasında Türkiyənin uzun müddətdir gözlədiyi Milli Döyüş Təyyarəsi KAAN proqramının ilk “Blok 10” seriyası üçün nəzərdə tutulan F110 mühərrikləri və F-35 qırıcıları məsələsinə toxunub.

Ordu.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlama verərkən ona ünvanlanan “Türkiyəyə böyük bir hədiyyə çantası ilə gedirsiniz?” sualını cavablandırıb.

“Ola bilsin ki, elədir. O, NATO üzvüdür. Bəzi insanlar onu belə görmür, amma əslində elədir. O, NATO-nun güclü üzvüdür. Bəli, yəqin ki, onu çox sevindirəcək bir addım atacağam”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hörmət bəslədiyi üçün Ankaradakı NATO Zirvəsində iştirak edəcəyini vurğulayıb.

“Ərdoğan bir qədər mübahisəli fiqurdur, amma mən də eləyəm. Lakin mən onu tanıyıram. Düşünürəm ki, o, çox yaxşı insandır. Bizə çox kömək edib”, - deyə Tramp qeyd edib.

Ağ Evdə NATO-nun Baş katibi Mark Rutte ilə birlikdə jurnalistlər qarşısında çıxış edən Tramp Türkiyə və onun lideri barədə müsbət fikirlərini davam etdirib.

“Ərdoğan Türkiyəni sevir, elə deyilmi? O, əla iş görür. Türkiyəni sevir. Mən ABŞ-ni sevirəm, o isə Türkiyəni sevir və əla iş görür. O, hörmətəlayiq insan və hörmətəlayiq liderdir”, - deyə ABŞ Prezidenti bildirib.

Tramp qeyd edib ki, Ərdoğan onun dostudur və İranla bağlı son münaqişədə neytral mövqe tutub.

“O, mənim dostumdur və müharibədən kənarda qaldı. Bilirsiniz ki, o, həmin müharibəyə qoşula biləcək ən güclü namizədlərdən biri idi. Hətta bəlkə də İranın tərəfində yer ala bilərdi. Çünki bildiyiniz kimi, İsrailin böyük tərəfdarı deyil. Mən də ondan müharibədən kənarda qalmasını istədim və o da belə etdi”, - deyə Tramp vurğulayıb.

Türkiyənin F110 mühərrikləri və F-35 qırıcıları ilə bağlı tələbi barədə suala cavabında Tramp bir daha Ankaraya müsbət mesaj verib.

“O, NATO üzvüdür. Bəzi insanlar bunu qəbul etməsə də, bu həqiqətdir. O, NATO-nun güclü üzvüdür və mən yəqin ki, onu çox sevindirəcək bir addım atacağam”, - deyə o bildirib.

Tramp Türkiyənin hərbi potensialına da diqqət çəkərək ölkənin silahlı qüvvələrinin gücünü xüsusi vurğulayıb.

“İnsanlar Türkiyənin hərbi baxımdan nə qədər böyük güc olduğunu bilmir. Onun çox güclü ordusu var”, - deyə ABŞ Prezidenti qeyd edib.

O əlavə edib ki, 2026-cı il iyulun 7-si və 8-də Ankarada keçiriləcək NATO Liderlər Zirvəsində iştirak edəcək.

“Ərdoğan zəng edərək dedi ki, zirvə Türkiyədə keçirilir və siz orada olmalısınız. Mən Prezident Ərdoğana hörmət etdiyim üçün NATO zirvəsində iştirak edəcəyəm”, - deyə Tramp bildirib.

F-35 proqramı ilə bağlı suala isə ABŞ-nin vitse-prezidenti Cey Di Vens cavab verib.

Onun sözlərinə görə, ABŞ Müharibə Nazirliyi və aidiyyəti qurumlar hazırda məsələni araşdırır.

“Hazırda bu məsələ nəzərdən keçirilir. ABŞ qanunvericiliyinin tələblərinə uyğunluğun təsdiqlənməsi üçün bəzi məsələlər dəqiqləşdirilməlidir. Prezident də bizdən bunu istəyib. Bütün mərhələlər həyata keçirilir və zəruri şərtlərin yerinə yetirildiyi yoxlanılır”, - deyə Vens bildirib.

O qeyd edib ki, məsələ əsasən Konqresin səlahiyyətlərinə aiddir və Türkiyənin F-35 qırıcılarını ala bilməsi üçün ABŞ qanunlarına uyğun hərəkət etdiyinin təsdiqlənməsi tələb olunur.

Digər tərəfdən, “Reuters” agentliyinin yaydığı məlumata görə, 700 milyon dollar dəyərində müqavilə çərçivəsində 40 KAAN təyyarəsi üçün tələb olunan 80 ədəd F110-GE-129 seriyalı mühərrikin Türkiyəyə verilməsi nəzərdə tutulur.

Agentliyin məlumatına əsasən, bu qərarın Konqresdəki etirazlara baxmayaraq qəbul ediləcəyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ankara   NATO   Türkiyə  


Bizi "telegram"da izləyin