Rusiyanın Ukraynanın ən müqəddəs kilsələrindən birinə hücum etməsinin səbəbi nədir?

2026/06/12121-1782374059.jpg
Oxunub: 208     11:58     25 İyun 2026    
Müharibənin başlanmasından etibarən Rusiya Ukraynanın milli və mənəvi kimliyinin əsas dayaqlarından olan məkanları hədəfə almaq üçün müharibədən istifadə edib.

Rusiya Prezidenti Vladimir Putin davam edən təcavüzkar müharibəsi çərçivəsində iyunun 15-də Ukraynanın və bütövlükdə pravoslav dünyasının ən müqəddəs dini məkanlarından biri olan, UNESCO tərəfindən qorunan Kiyev-Peçersk Lavrasını (“Mağaralar Monastırı”) hədəfə alıb və bombalayıb. Əvvəlki həftəsonu Rusiyanın raket və Pilotsuz Uçuş Aparatı (PUA) hücumları nəticəsində monastırda başlayan yanğınlar tarixi Uspenski kafedralını və digər tikililəri ciddi şəkildə dağıdıb.

Son illərdə baş verən çoxsaylı bombardmanlardan sonra amerikalıların və avropalıların əksəriyyəti bu hücumu qeyri-adi hadisə kimi qəbul etməyə bilər. Ukraynalılar üçün isə vəziyyət fərqlidir. Bir çox ukraynalılar üçün bu hücum ABŞ vətəndaşları üçün 11 sentyabr terror aktlarının yaratdığı sarsıntı ilə müqayisə oluna biləcək mədəni şokdur. Əgər 2019-cu ildə Parisdəki Notr-Dam kilsəsini dağıdan yanğın xarici bir hökumətin qəsdən təşkil etdiyi hücumun nəticəsi olsaydı, əsas məsələ dağıntının miqyası deyil, həmin hücumun motivi olardı.

Müharibənin ilk günlərindən etibarən Rusiyanın Ukraynaya qarşı strategiyası mülki yaşayış məntəqələrinə və yerli iqtisadiyyata yönəlib, şəhər və qəsəbələri yaşamaq üçün yararsız vəziyyətə salmağı hədəfləyib. Xatırlayaq ki, Kiyev yaxınlığındakı Buça şəhərində silahsız əhalinin böyük hissəsi Ukrayna paytaxtı işğalçı Rusiya ordusuna təslim olmadığı üçün qətlə yetirilmişdi. Bununla yanaşı, Rusiya Ukrayna kimliyinin əsas simvollarını da məhv etməyə çalışıb. Buraya xüsusilə liman şəhəri Odessa da daxil olmaqla, 500-dən çox UNESCO Dünya İrsi obyekti daxildir.

Bu, sadəcə Rusiyanın cavab zərbəsi deyil. Doğrudur, Ukrayna son aylarda getdikcə fəallaşan əks-hücum əməliyyatları çərçivəsində Rusiya ərazisində bir sıra mühüm hədəflərə PUA zərbələri endirib. Lakin bunlar hərbi və iqtisadi obyektlər, yəni sursat anbarları, hərbi hava bazaları, təbii qaz və neft emalı zavodları olub. Bu ayın əvvəlində Ukrayna PUA-ları Sankt-Peterburq və ətrafındakı hədəfləri vurub. Həmin vaxt Putin ölkənin ən mühüm illik biznes forumuna ev sahibliyi edirdi. Bununla belə, Ukrayna Rusiyada dini və ya mədəni obyektləri, xüsusilə də Kiyev-Peçersk Lavrası ilə müqayisə oluna biləcək hər hansı məkanı hədəfə almayıb.

Bu hücum artıq bir çox beynəlxalq dairələr tərəfindən qəzəblə qarşılanıb. Etiraz edənlər arasında bütün pravoslav xristianların mənəvi lideri sayılan Ekumenik Patriarx Varfolomey də var. Qorxu səbəbindən rusların əksəriyyəti (istər dindar, istərsə də qeyri-dindar olsun) susmağa üstünlük verə bilər. Lakin onların bir çoxu bu hadisəyə görə utanc hissi keçirəcək. Bu təcavüzkar müharibə ərzində ukraynalıların, o cümlədən uşaqların öldürülməsi artıq adi hala çevrilib. Ancaq minillik tarixə malik müqəddəs bir tikilinin yandırılması bir çox rus üçün şok olacaq.

Kafedral Müqəddəs Məryəmin səmaya yüksəlişinin xatirəsinə həsr olunub və pravoslav inancında ən müqəddəs ibadət məkanlarından biri hesab edilir. Ukraynalılar üçün isə bu məbəd daha böyük milli əhəmiyyət daşıyır. İkinci Dünya müharibəsi zamanı Almaniya işğalı dövründə böyük ölçüdə dağıdılan kilsə Sovet hakimiyyəti illərində onilliklər boyu xarabalıq vəziyyətində qalmışdı.

Lakin bu, ukraynalı dindarların Lavranı kütləvi şəkildə ziyarət etməsinə mane olmadı. 1991-ci ildə Ukrayna müstəqillik qazandıqdan sonra isə məbədin bərpası dövlət səviyyəsində prioritetə çevrildi və bu məqsədə 1995-ci ildə nail olundu. Həmin vaxtdan etibarən yenidən qurulmuş kafedral həm ibadət, həm də turizm mərkəzi kimi fəaliyyət göstərir.

Moskva indi iddia edir ki, vurduğu ziyanın səbəbi Ukraynanın hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti olub. Başqa sözlə, Ukrayna özünü müdafiə etməyə çalışdığı üçün günahlandırılır. Bununla belə, Ukraynada bir çox insan düşünür ki, Moskva məhz müstəqil Ukrayna tərəfindən bərpa olunduğu üçün Uspenski kafedralını qəsdən hədəfə alıb. Putin isə müstəqil Ukraynanı aradan qaldırmağa çalışır. Bu baxımdan kafedralın dağıdılması Ukraynanın məğlub olacağı təqdirdə ölkəni gözləyən mədəni fəlakətin xəbərdarlığı kimi qiymətləndirilə bilər.

Kafedralın bərpasına artıq dövlət və özəl sektorun dəstəyi ilə başlanılıb. İndidən aydındır ki, Putinin Kiyev-Peçersk Lavrasına vurduğu ziyanın aradan qaldırılması Ukrayna cəmiyyəti üçün Fransada Notr-Damın yenidən qurulması qədər əhəmiyyətli olacaq. Hazırda isə bu hadisə ukraynalıların milli və mənəvi özünümüdafiə əzmini daha da gücləndirə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Kilsə  


Bizi "telegram"da izləyin