Ermənistan Baş Prokurorluğu: “1 Mart” işi üzrə yeni materiallar məhkəməyə göndərilib

2026/02/l-fRr-1771422273.jpg
Oxunub: 341     18:29     24 Mart 2026    
Ermənistanda 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə daha üç təqsirləndirilən şəxs haqqında materiallar məhkəməyə göndərilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilir ki, 2026-cı il martın 6-da təsdiqlənmiş ittiham aktı ilə 2008-ci ildə Ermənistan Polisi İrəvan Şəhər İdarəsinin patrul-post alayının komandiri olmuş Robert Melkonyan, onun müavini Valeri Osipyan və həmin alayın bölük komandiri olmuş Karen Movsisyan barəsində cinayət işinin materialları məhkəməyə təqdim edilib.

“Cinayət icraatı zamanı müəyyən edilib ki, 2008-ci il fevralın 20-dən etibarən İrəvandakı Azadlıq meydanında vətəndaşların Konstitusiya ilə təmin edilmiş dinc aksiyaları təşkil olunub və keçirilib”, - deyə açıqlamada qeyd olunub.

Ermənistan Baş Prokurorluğunun məlumatına görə, 2008-ci il martın 1-də səhər saat 06:30 radələrində polis əməkdaşları açıq-aşkar qanunsuz əmr əsasında aksiyanı dağıdıblar.

“Polis əməkdaşları, o cümlədən patrul-post alayının əməkdaşları, fiziki güc və xüsusi vasitələrin tətbiqi üçün aşkar əsaslar olmadığı halda, səlahiyyət hədlərini aşaraq zorakılıq və xüsusi vasitələrin qanunsuz tətbiqi ilə aksiyanı dağıdıblar”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, həmin şəxslərə qarşı 2003-cü il aprelin 18-də qəbul edilmiş Cinayət Məcəlləsinin 38-309-cu maddəsinin 2-ci hissəsi ilə ictimai cinayət təqibi başlanıb.

Ermənistan Baş Prokurorluğu həmçinin xatırladıb ki, 2026-cı il martın 3-də bu iş üzrə digər təqsirləndirilən şəxs, Ermənistan Polisi Cinayət Axtarışı Baş İdarəsi rəisinin birinci müavini olmuş Hovhannes Tamamyan barəsində materiallar da məhkəməyə göndərilib.

“Cinayət törətməkdə ittiham olunan şəxs onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilənədək təqsirsiz sayılır”, - deyə açıqlamada vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 1-Mart   Ermənistan  


Bizi "telegram"da izləyin