İran ermənisi: “Trampın hesablamaları işləmədi, iranlılar sona qədər döyüşəcəklər”

2026/03/1773033020.jpg
Oxunub: 342     19:12     24 Mart 2026    
“İranın mədəniyyəti çoxqatlı və o qədər gözəldir ki, onlar zamanla birlikdə onu inkişaf etdirə bilirlər. Orada ən önəmli yer ənənəvi, klassik musiqiyə verilir. Konsertlərin biletləri bir neçə saat ərzində satılıb qurtarır. Son illərdə mədəni yüksəliş baş verdi: iranlı gənclər kamança və tar ifa etməyə başladılar və bunu rok musiqisi ilə birləşdirdilər. Çox istərdim ki, qarşılıqlı ünsiyyət zamanı bir-birimizdən nəsə öyrənək, xüsusilə də onların öz kimliklərini necə qoruduqlarını öyrənək. Məhz buna görə İran dünya üçün çox maraqlıdır. Onlar öz adət-ənənələri ilə fəxr edirlər”.

Ordu.az xəbər verir ki, bunu İran ermənisi yazıçı və tərcüməçi Jorj Abrahamyan deyib.

ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibəyə toxunan Abrahamyan belə deyib:

“Çox dəhşətli hissdir ki, səhər oyanırsan və anlayırsan ki, gün hər tərəfdən hədəfə alınıb. Mənim arzum sülhün olmasıdır. Həmişə bir gözüm İranda, o biri gözüm isə Ermənistandadır. Deyirsən ki, artıq bəsdir, növbəti müharibə sonuncu idi, amma birdən bombalar partlayır və insan daim belə vəziyyətə düşdüyü üçün ağrı hiss edir”.

“İranlılar tez təslim olan xalqdırmı?” sualına Abrahamyan belə cavab verib:

“Xeyr, iranlılar çox inadkardır. İraq da böyük dövlətlərin dəstəyi ilə İrana hücum etdi, İranın cənub hissəsini işğal etdi, amma sonra oradan qovuldu. İranlılar çox israrlıdırlar. Buna görə də Trampın bütün hesablamaları düşündüyü kimi alınmadı.

O düşünürdü ki, Venesuela nümunəsi kimi olacaq: lideri vuracaqlar və hamı təslim olacaq. Amma ölkə və ərazi bütövlüyü məsələsi ortaya çıxanda iranlılar birləşirlər, çünki çox yaxşı bilirlər ki, hökumətlər gəlib gedir, amma ölkə qalır.

Onlar dövlətə bağlı insanlardır. İndi İran dünyanın ən güclü ordusuna, ABŞ ordusuna qarşı döyüşür və hamı bu inadkarlığa təəccüblənir. Ola bilər ki, müharibəni uduzsunlar, amma son damla qanlarına qədər döyüşəcəklər. Ölə bilərlər, amma təslim olmazlar. Onların daxilində güclü milli ruh var və məhz buna görə bu qədər itkilərdən sonra belə təslim olmurlar”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran   Abrahamyan  


Bizi "telegram"da izləyin