“Rusiya Ermənistanın dəmir yollarının bərpası ilə bağlı müraciətlərini nəzərdən keçirir” - Zaxarova

2024/07/1721812829.jpg
Oxunub: 749     19:13     30 Yanvar 2026    
“Rusiya tərəfi Ermənistanla daimi əlaqə saxlayır və ölkə ərazisində Rusiya konsessiyası altında olan dəmir yolu sahələrinin bərpası ilə bağlı məsələləri müzakirə edir. İrəvandan daxil olan bütün müraciətlər müvafiq qurumlar tərəfindən operativ şəkildə nəzərdən keçirilir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

Bu açıqlama Ermənistanın Baş naziri Nikol Paşinyanın daha əvvəl verdiyi bəyanatların fonunda səsləndirilib. Paşinyan bildirmişdi ki, Moskvadan Azərbaycanla sərhədə, eləcə də Azərbaycan və Türkiyə istiqamətində dəmir yolu xətlərinin bərpası ilə bağlı qərarların qəbulunu sürətləndirməyi xahiş edib. Eyni zamanda o vurğulamışdı ki, bu, Mehri üzərindən keçən hissəni əhatə etmir və həmin hissə ayrıca TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi çərçivəsində nəzərdə tutulur.

Paşinyan həmçinin qeyd edib ki, əgər Rusiya tərəfi qısa müddətdə bərpa işlərinə başlaya bilməsə, Ermənistan hökuməti həmin sahələri konsessiyadan çıxarmağa və təmir işlərini öz vəsaiti hesabına həyata keçirməyə hazırdır.

TRIPP layihəsi ilə bağlı suala cavab verən Zaxarova Rusiyanın bu təşəbbüsdə iştirak imkanlarını, o cümlədən “Rusiya Dəmir Yolları”nın unikal təcrübəsini nəzərə almaqla araşdırmağa hazır olduğunu təsdiqləyib. Bununla yanaşı, o bildirib ki, əvvəlcə layihənin icrası və istismarı ilə bağlı bütün məqamlarla tanış olmaq lazımdır, çünki mövcud məlumatlara görə layihənin hazırlanması ilkin mərhələdədir.

Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, İrəvanla bütün maraqlı qurumların iştirakı ilə konkret məsləhətləşmələrin aparılması barədə Rusiyanın təklifi qüvvədə qalır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Ermənistan  


Bizi "telegram"da izləyin