“Ali Məhkəmə Şurası faktiki olaraq bu hakimiyyət tərəfindən formalaşdırılıb” - Erməni deputat

2026/01/dfg1f-1769778870.jpg
Oxunub: 562     17:12     30 Yanvar 2026    
“Biz çox vaxt məhkəmə sisteminə fokuslanırıq, çünki ayrı-ayrı hakimlər ön plana çıxır, biz onları simaları ilə tanıyırıq, qəbul etdikləri qərarları bilirik. Amma cinayət işlərini məhkəmələrə gətirən müstəntiqlər və prokurorlar bizim diqqətimizdən kənarda qalır”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün “Ermənistanın və erməni dünyasının təhlükəsizliyinə təhdid yaradan əsas amillər” mövzusunda keçirilən müzakirə zamanı Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Elinar Vardanyan bildirib.

“Üstəlik söhbət siyasi əsaslarla, siyasi motivlərlə açılan cinayət işlərindən gedir ki, onların dərhal ardınca həbslər həyata keçirilir. Biz hesab edirik ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, müstəntiqlərə və prokurorlara da açıq mesajlar verilməlidir ki, hər bir halda öz qanunsuz və hüquqa zidd qərarlarına görə onlar da məsuliyyət daşıyacaqlar.

Çox vaxt onlar daha rahat vəziyyətdə olurlar, çünki görünməyən işi görürlər və əsas məsuliyyət məhkəmələrin üzərində qalır. Halbuki onların hüquqa zidd qərarlarına görə məsuliyyəti məhkəmələr qədərdir.

Məhkəmələrə gəldikdə isə, konkret hakimlərin adlarını hamı bilir və onlara həvalə edilən işlər üzrə artıq həbs qərarı əvvəlcədən bəllidir, başqa qərar gözləmək mümkün deyil.

Son bir nümunəni qeyd edim. Arşak Srbazanın işi üzrə həbs məsələsinə dair məhkəmə iclası təyin edilmişdi və orada maraqlı maxinasiyalar baş verdi. Növbətçi məhkəmə Şenqavit məhkəməsi idi, lakin qəfil məlum oldu ki, növbətçilik siyahısı ümumiyyətlə ləğv edilib və Arşak Srbazanın işi Avan məhkəməsinin bir hakiminə verilib. Bu hakim ictimaiyyətə həbs qərarları çıxaran hakim kimi tanınmırdı. İclasın günü və saatı təyin olunur, sonra isə həmin hakimin yanından zəng edərək bildirirlər ki, iclas baş tutmayacaq. Niyə? Çünki ehtimal etmək olar ki, iş yenidən Masis Melkonyana veriləcək ki, növbəti dəfə həbs müddəti uzadılsın.

Yəni problem ondadır ki, biz hətta Ermənistanda məhkəmə sisteminin bir nəfərin iradəsindən asılı olmadığını görüntü olaraq belə yaratmağa çalışmırıq. Elə açıq-aşkar qanunsuzluqlar və pozuntular edilir ki, nəticədə hansısa qanuni qərarın olacağını gözləmək sadəlövhlükdür”, - deyə erməni deputat vurğulayıb.

O bildirib ki, hazırda cəzaçəkmə müəssisələrində dörd yüksək dərəcəli din xadimi, siyasi və ictimai fəal saxlanılır: “İnsanlar oraya öz fikirlərini ifadə etdiklərinə görə düşürlər, halbuki bu ifadələr cinayət-hüquqi nəticələr doğurmamalıdır. Bu, mahiyyət etibarilə hüquqi təhlükəsizliyin pozulduğunu göstərir”.

Ermənistan Ali Məhkəmə Şurasına (AMŞ) toxunan Vardanyan qeyd edib: “AMŞ faktiki olaraq bu hakimiyyət tərəfindən formalaşdırılıb. Əgər hakimlər AMŞ-ni öz hüquqlarının müdafiəçisi və məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimi görməli idilərsə, bu qurum onlar üçün dəyənəyə çevrilib. Halbuki AMŞ-nin hakimlərlə bağlı qəbul etdiyi qərarlara dair artıq AİHM-dən açıq reaksiyalar gəlir və ən yaxşı hakimlər hazırda AMŞ-yə qarşı və ya onunla bağlı hüquqi proseslərdə iştirak edirlər. Bu isə o halda baş verir ki, həmin şura onların hüquqlarının təminatçısı olmalı idi”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vardanyan  


Bizi "telegram"da izləyin