Erməni deputat: “İqtidar ölkəni elə vəziyyətə sala bilər ki, böyük dövlətlərin ayağı altında qalaq”

2026/01/dfgdf-1769778533.jpg
Oxunub: 462     17:07     30 Yanvar 2026    
“Xarici təhlükəsizlik sahəsində üç qrup təhdidi qeyd etmək olar: yeni dünya nizamının formalaşması, hibrid müharibə və hərbi-texnoloji təhdidlər”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün “Ermənistanın və erməni dünyasının təhlükəsizliyinə təhdid yaradan əsas amillər” mövzusunda keçirilən müzakirə zamanı Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Elinar Vardanyan bildirib.

“Yeni dünya nizamının formalaşması özlüyündə qlobal sistemdə müəyyən dəyişiklikləri nəzərdə tutur və bu şəraitdə kiçik dövlətlər həqiqətən çox ciddi problemlə üz-üzə qalırlar. Onlar düzgün müttəfiqlər seçməli və düzgün addımlar atmağı bacarmalıdırlar.

Bizim vəziyyətimizdə ən azı böyük dövlətlərin ayağı altında qalmamaq vacib məsələyə çevrilir, çünki elə bir hakimiyyətimiz var ki, bu geosiyasi şəraitdə ölkəni çox asanlıqla iri dövlətlərin ayağı altına sala bilər”, - deyə Vardanyan bildirib.

Onun sözlərinə görə, növbəti aspekt hibrid təhdidlərdir və bu təhdidlərin yaranma mənbələrindən biri də hazırkı hakimiyyətdir.

“Üçüncü aspekt daxili təhlükəsizlikdir. Bu sahədə də bir sıra istiqamətlər mövcuddur: hüquqi, təhsil, iqtisadi və sonuncuya sosial ədalət də daxildir. Ermənistanda mövcud olan bu cür sosial ədalətsizlik mühiti, yəqin ki, çoxdan görünməmişdi. Sosial ədalətsizlik müxtəlif dövrlərdə cəmiyyətdə ciddi narazılıqlara səbəb olub, indi isə bu baxımdan cəmiyyətin müxtəlif təbəqələri arasında çox dərin uçurum yaranıb.

Hakimiyyət 16,7 milyard dramı mükafatlara ayırdığı halda, Ermənistanda 500 mindən çox pensiyaçı var, onların orta pensiyası 49 min dramdır, istehlak səbəti isə 82 min dram təşkil edir. Belə bir şəraitdə sosial ədalətdən ümumiyyətlə danışmaq mümkün deyil.

Bu vəziyyət ictimai mühitin də təhrif olunmasına gətirib çıxarır, çünki pensiyaçı normal şəkildə elə dövlət məmurlarına münasibət göstərə bilməz ki, onlar onun 10 il ərzində alacağı pensiya məbləğinə bərabər mükafat alırlar”, - deyə Vardanyan bildirib.

O qeyd edib ki, istənilən dövlətin təhlükəsizliyinin əsas sütunlarından biri sabit demokratik institutlardır.

“İnsan hüquqlarının qorunması ilə bağlı təminatların olması üçün institutlar dayanıqlı olmalıdır.

Bizdə isə nə var? Bir nəfərə xidmət edən hüquq-mühafizə sistemi, polis, istintaq orqanları, prokurorluq var. Məhkəmə sistemi də əsasən həmin şəxsin istəklərini yerinə yetirir. Ali Məhkəmə Şurası isə məhkəmə sistemi üçün təminatlar yaratmaq əvəzinə hakimlər üçün cəza alətinə çevrilib. Konstitusiya Məhkəməmiz var ki, ondan konstitusion qərar gözləmək mümkün deyil”, - deyə Vardanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vardanyan  


Bizi "telegram"da izləyin