Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbəti zamanı “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Sisak Qabrielyan ölkənin ikinci prezidenti Robert Köçəryanın Cənubi Qafqazda ABŞ-nin iqtisadi maraqlarının olmadığı, əvəzində İran əleyhinə yönəlmiş “TRIPP yolu” (Zəngəzur dıhlizi-red.) çərçivəsində siyasi maraqlarının olduğu barədə açıqlamasına münasibət bildirərkən deyib.
“Bəs niyə ABŞ-nin siyasi marağı olmasın ki? Bunun Ermənistan üçün təhlükəsi nədir ki, məsələn, həm iqtisadi, həm də siyasi baxımdan dünyanın ən güclü ölkəsi Ermənistanla əməkdaşlıqda maraqlı olsun?
Ermənistan bizim hakimiyyətimiz dövründə ABŞ-nin əvvəlki administrasiyası ilə strateji tərəfdaşlıq sənədini imzaladığı zaman, mövcud administrasiya bunu təkcə davam etdirmədi, həm də ona böyük dinamika verdi. Məhz həmin sənəd o deməkdir ki, təkcə ABŞ yox, eyni zamanda Ermənistan da dünyanın bir çox ölkələri ilə siyasi, iqtisadi və digər maraqlara malik olmaq istəyir. Burada problem nədədir?
Fikrimcə, cənab Köçəryanın və Rusiyanın digər hazırkı emissarlarının yeganə məqsədi göstərməkdir ki, guya Ermənistan keçmişə qayıtmalı və yalnız kağız üzərində 25 il ərzində müttəfiq olmuş “müttəfiqlər”in maraqlarına sahib olmalıdır”, - deyə o bildirib.
Jurnalistin Robert Köçəryanın qarşıdakı seçkilərdə qalib gəlməsi ehtimalı ilə bağlı narahatlığının olub-olmaması sualına Qabrielyan belə cavab verib: “Narahatlıq nə deməkdir? Bunlar siyasi seçkilərdir, biz duelə çıxmamışıq ki, bir də həyatımı itirə biləcəyimdən narahat olum. Düşünürəm ki, o, təkcə özünü yox, digər bütün müxalifətçiləri də sıradan çıxaracaq və qoy qalan müxalifətçilər bu barədə düşünsünlər.
Onun mətbuat konfransı zamanı dediklərinin mahiyyəti, mənim fikrimcə, iki şeydən ibarət idi: birincisi, Ermənistan yalnız Rusiya ilə olmalıdır, ikincisi isə, məncə, bu mesaj nə onun seçicisinə, nə də bizə ünvanlanmışdı, daha çox müxalifət düşərgəsinə idi ki, sakitcə yerlərinizdə oturun, müxalifətin lideri mən olacağam”.
Hakimiyyət nümayəndələrinin tez-tez danışdığı Ermənistan əleyhinə hibrid müharibəni konkret kimin apardığı ilə bağlı suala cavab olaraq isə erməni deputat bildirib: “Mənə elə gəlir ki, bu sualların cavabını erməni xalqı çox yaxşı bilir, elə məsələlər var ki, onları deməyə ehtiyac yoxdur. Təəssüf ki, bəzən siz də, eləcə də bir çox digər həmvətənlərimiz bilmədən həmin tələyə düşürsünüz.
Məsələn, hibrid müharibələrdən biri də təsdiqlənməmiş mənbəyə istinad edilərək xəbərin yayılmasıdır. Bir gün sonra məlum olur ki, həmin mənbə konkret başqa yerdən maliyyələşir və onun yayımladığı materialların reallıqla heç bir əlaqəsi yoxdur. Bu xəbər tirajlandıqda, media orqanı dolayı yolla həmin hibrid müharibənin və ya hibrid hücumların bir hissəsinə çevrilir.
Hibrid müharibə o demək deyil ki, avtomat paylanır və insanlar bir-birinə atəş açır. Hibrid müharibə eyni zamanda dezinformasiyadır. Xarici Kəşfiyyat Xidmətimiz öz hesabatında hibrid müharibənin nə olduğunu çox aydın şəkildə təsvir edir. Avropa İttifaqındakı tərəfdaşlarımızın da bu sahədə, onunla necə mübarizə aparmaqla bağlı təcrübəsi var. Bəli, bu hücumlar Rusiyadan da gələ bilər. Məsələn, Rusiyanın ruporu deyir ki, burada “xüsusi hərbi əməliyyatlar” aparılmalıdır. Bu nədir? Bu da həmin prosesin bir hissəsidir”.
Alpər Mövludoğlu
Ordu.az