“Biz qüsursuz və hər hansı təsirdən uzaq məmur modelini qəbul etmişik və onu həyata keçirmək, həmçinin hökumətin işinin effektivliyini artırmaq üçün bu qərarı zəruri hesab edirik. Digər əsaslandırma isə ondan ibarətdir ki, dövlət sistemində rəqabətqabiliyyətliliyi davamlı şəkildə artırmalıyıq, çünki keyfiyyətli kadrların dövlət sistemindən özəl sektora axını var”, - deyə o vurğulayıb.
Ordu.az xəbər verir ki, erməni hüquqşünas, insan haqları müdafiəçisi Vardan Harutyunyan Nikol Paşinyanın səsləndirdiyi bu mövqeni bölüşmür.
“Hətta çox uzun düşünsəm belə, yüksək mükafatlar almağa layiq olmaq üçün dövlət sistemində özüm heç bir nailiyyət saya bilmirəm. Bu illər ərzində hakimiyyət elə bir addım ata bilməyib ki, onun haqqında heç olmasa ani olaraq nəsə deyə bilim.
Bunu düşünmək sadəlövhlükdür ki, yüksək mükafatlarla korrupsiyanın yolunu bağlamaq olar. Korrupsiya pulun çatışmazlığı deyil, düşüncə tərzinin nəticəsidir. Nə qədər istəsələr də ödəsinlər, korrupsioner yenə də korrupsion fəaliyyətini davam etdirəcək.
Açıqlanan bu qədər böyük mükafat məbləği hakimiyyətin acgözlüyünün göstəricisidir və onların dövlət haqqında təsəvvürünü ortaya qoyur”, - deyə Harutyunyan bildirib.
Onun sözlərinə görə, hakimiyyət dövlət büdcəsini öz mülkiyyəti kimi qəbul edir və onu öz aralarında bölüşdürür.
“Bunun bariz nümunəsi parlamentdə paylanan mükafatlardır: büdcədən göndərilən vəsait artmışdı, amma onu büdcəyə qaytarmaq əvəzinə yenidən öz aralarında bölüşdürdülər. Eyni yanaşma hökumətdə də tətbiq olunub. Büdcədə pul olduğunu görən kimi qərara gəldilər ki, onu öz aralarında bölsünlər: birinə çox, digərinə az.
Burada yüksək əməkhaqqından söhbət getmir, qoy yüksək maaş alsınlar. Burada söhbət yüksək mükafatlardan, özü də gizli qərarla verilən mükafatlardan gedir. Hakimiyyətin vəzifəsidir ki, dövlət sistemində elə şərait yaratsın ki, yüksək maaşlar verilsin. Amma bu o demək deyil ki, dövlət qulluqçusuna, o cümlədən Nikol Paşinyana astronomik mükafatlar verilə bilər.
Ona görə də Nikol Paşinyanın açıqlaması izah deyil, sadəcə bəraətdir”, - deyə Harutyunyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az