Ordu.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin Ermənistanşünaslıq Araşdırmaları İnstitutunun direktoru, beynəlxalq məsələlər üzrə erməni ekspert Vahram Petrosyan deyib.
Onun sözlərinə görə, buna görə də Ermənistan öz təhlükəsizliyini müxtəlif “təhlükəsizlik təminatçıları” ilə, o cümlədən Rusiya, Fransa, Hindistan, KTMT, Avropa İttifaqı, ABŞ və digər tərəfdaşlarla işləyərək təmin etməlidir.
“Biz öz təhlükəsizliyimizi pazl kimi yığmalı, hər kəsdən onun verməyə hazır olduğu hissəni götürməliyik. Müasir dünyada heç kim mütləq təhlükəsizlik zəmanəti verə bilməz. Bu, sadəcə realizmdir. Elə layihələrdə iştirak etməlisən, elə bir amilə çevrilməlisən ki, səni görməzdən gəlmək heç kimin marağında olmasın. Sadə dillə desəm, Şimal-Cənub, Qərb-Şərq sxemlərinə elə inteqrasiya etməlisən ki, heç bir tərəf üçün, məsələn, “Azərbaycanın Ermənistanı udması” sərfəli olmasın. Bu mövqelənmə son dərəcə vacibdir. Bu, çətin məsələdir, amma həllolunmaz deyil”, - deyə Petrosyan qeyd edib.
Erməni ekspert Yaxın Şərqdə baş verən proseslərin Cənubi Qafqaza birbaşa təsir etdiyini bildirib.
Onun sözlərinə görə, Türkiyənin Cənubi Qafqazdakı təsiri nəzərəçarpacaq dərəcədə artıb.
Petrosyan vurğulayıb ki, Cənubi Qafqaz artıq Yaxın və Orta Şərqin ayrılmaz hissəsinə çevrilir.
“Biz öz identiklik sahəmizdə bunu həmişə tarixi vətənimizin ucqarı kimi qəbul etmişik. Qafqazın Yaxın Şərqə daxil edilməsi bu ikililiyə son qoyur, çünki görürük ki, Qafqaz artıq Yaxın Şərqin ayrılmaz hissəsidir. Yaxın Şərqdə mövcud olan reallıqlar bizə birbaşa təsir edir. Suriya və İraqdakı proseslərə baxın. Suriya məsələsində Astana prosesi baş verdi, İran, xüsusilə Türkiyə və Rusiya Federasiyası təkcə necə əməkdaşlıq edəcəkləri barədə razılaşmadılar, həm də təsir zonalarının bölgüsü oldu, müəyyən “modus vivendi” tapıldı. Sonradan Qafqazda tətbiq ediləcək olanlar əvvəlcə orada sınaqdan keçirildi”, - deyə Petrosyan izah edib.
Petrosyan qeyd edib ki, vaxtilə Türkiyənin Qafqazda peyda olub bu qədər böyük rol oynaması təsəvvürə belə gəlməzdi, amma bu gün bu, reallıqdır.
Bununla belə, o hesab etmir ki, Rusiya Qafqazdan çıxır.
Erməni ekspertin sözlərinə görə, Türkiyə və Azərbaycan strategiyalarını yox, taktikanı dəyişiblər.
“Politoloji təhlildə “strateji qeyri-müəyyənlik” anlayışı var, yəni bilmirsən ki, rəqibin hara gedir, strategiyası nədir. Amma Türkiyə və Azərbaycan bizə qarşı son dərəcə açıq olublar, çünki daim bildiriblər ki, güc tətbiqini istisna etmirlər. Turan yolunu, Mehri dəhlizini, sonra isə Zəngəzur dəhlizini istədiklərini açıq deyiblər və buna necə çatacaqlarını gizlətməyiblər. Onlar strategiyalarını heç vaxt dəyişməyiblər”, - deyə Petrosyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az