Erməni politoloq: “Ermənistanda siyasi məhbuslar var, din xadimləri həbsdədir”

2026/01/1769755318.jpg
Oxunub: 369     14:43     30 Yanvar 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərlə qısa açıqlamasında bir daha bildirib ki, “Qarabağ hərəkatı” (erməni separatizmi-red.) artıq olmayacaq.

“Yeni il müraciətimdə demişəm ki, “Qarabağ bizim idi, artıq bizim deyil” kimi ritorika, mənim də vaxtilə istifadə etdiyim bu ritorika geosiyasi tələyə düşmüş şəxsin ritorikasıdır. Həqiqət isə ondan ibarətdir ki, Ermənistan bizim deyildi və indi bizimdir. Düşünürəm ki, bu mövzunu birdəfəlik bağlamalıyıq. Çünki biz, Ermənistan və Azərbaycan Alma-Ata bəyannaməsi əsasında bir-birimizin ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini tanımaq barədə razılaşmışıq və bu mövzu mənim üçün bağlanıb. Mən bunu erməni xalqına açıq və birbaşa demişəm ki, hesab edirəm, “Qarabağ hərəkatı” davam etdirilməməlidir, mən Ermənistanın Baş naziri kimi bu xətti qəbul edirəm və bu xətti aparacağam. Əgər vətəndaşlar hesab edirlərsə ki, mən səhv edirəm və bu siyasətlə razı deyillərsə, onları inqilab etməyə çağırıram”, - deyə Paşinyan qeyd edib.

Ordu.az xəbər verir ki, Ermənistanın Beynəlxalq İnsan İnkişafı Mərkəzinin rəhbəri, erməni politoloq Tevan Poğosyan Paşinyanın açıqlamasını şərh edib.

O bildirib ki, artıq çoxdan qeyri-legitim hakimiyyəti və onun qeyri-legitim rəhbərini dinləmir.

Erməni politoloqun sözlərinə görə, Paşinyan ilk dəfə deyil ki, bu cür açıqlamalar verir.

“Bu tip bəyanatlar verən hakimiyyətin yeganə məqsədi öz hakimiyyətini qorumaq üçün nəyisə təhrik etməkdir. Baxın, Ermənistanda siyasi məhbuslar var, din xadimləri həbsdədir, din xadimlərindən biri də guya “inqilab həyata keçirməyə çağırdığına” görə hakimiyyət tərəfindən məhkum edilib.

İndi isə Nikol Paşinyan xalqı inqilaba çağırır. Hesab edirəm ki, müvafiq qurumlar bundan nəticə çıxarmalıdırlar. Əks halda, onun açıqlaması sırf informasiya manipulyasiyası, provokasiyadır.

Bir daha təkrar edirəm, Nikol Paşinyan seçkiöncəsi dövr üçün provokasiya etmək, təhrik yaratmaq istəyir”, - deyə Poğosyan bildirib.

Poğosyan əmin olduğunu bildirib ki, Paşinyanın bu açıqlamasına cəmiyyət siyasi iddialar irəli sürüləndə reaksiya verəcək.

“Məhz o zaman cəmiyyət kimin xeyrinə səs verərsə, hakimiyyət də bundan sonra öz cavabını alacaq.

Nikol Paşinyanın seçkiöncəsi proqramında nə yazılmışdı, həyata keçirilibmi? Əlbəttə ki, yox. Buna görə də o qalxıb deməlidir ki, verdiyi vədləri yerinə yetirə bilməyib, istefa verməli və getməlidir. Demokratiya belə işləyir, proqramlarını icra etməyən hökumətlər istefa verirlər”, - deyə Poğosyan vurğulayıb.

Ermni politoloq həmçinin qeyd edib ki, Nikol Paşinyanı qeyri-legitim rəhbər hesab edir, buna görə də onun heç bir bəyanatı onun üçün heç bir məna daşımır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Poğosyan  


Bizi "telegram"da izləyin