Xarici KİV: Energetika təhlükə altındadır, Ermənistan Azərbaycanla şəbəkə inteqrasiyasını müzakirə edir

2026/01/1769755246.jpg
Oxunub: 431     12:40     30 Yanvar 2026    
Ermənistanda ölkənin enerji şəbəkəsinin Azərbaycanla inteqrasiyası ilə bağlı hökumət planları ətrafında mübahisələr kəskinləşib.

Ordu.az xəbər verir ki, bu barədə “Sng.fm” nəşri “Energetika təhlükə altındadır, Ermənistan Azərbaycanla şəbəkə inteqrasiyasını müzakirə edir” sərlövhəli məqaləsində yazıb.

Nəşr qeyd edib ki, elektrik enerjisinin vaxtaşırı kəsilməsi fonunda enerji sabitliyi məsələsi xüsusilə həssas mövzuya çevrilib.

“Ekspertlər və müxalifət də hesab edir ki, təklif olunan həllər ciddi risklər daşıyır. Xatırladaq ki, Nikol Paşinyan parlamentin iclasında bildirib ki, inteqrasiya ikitərəfli elektrik enerjisi tədarükünü, yəni bərabər şərtlərlə ixrac və idxalı nəzərdə tutur. Lakin bu təşəbbüs cəmiyyətdə kəskin tənqidə səbəb olub. “Şərəfim Var” parlament fraksiyasının rəhbəri Hayk Mamicanyan bu ideyanı suverenliyə yönəlmiş təhlükə kimi qiymətləndirib və vurğulayıb ki, enerji axınlarına nəzarətin başqa bir ölkəyə verilməsi faktiki olaraq strateji resurslar üzərində nəzarətin itirilməsi deməkdir”, - deyə nəşr bildirib.

KİV-in məlumatına görə. energetika və beynəlxalq münasibətlər üzrə erməni ekspert Armen Manvelyan da oxşar mövqedədir. O qeyd edib ki, iki ölkənin enerji şəbəkələrinin inteqrasiyası yüksək texniki risklər daşıyır və sistemli nasazlıqlara gətirib çıxara bilər.

“Əgər sistemləri birləşdirsəniz, bütün sisteminiz sadəcə çökə bilər. Bu, uzunmüddətli kəsintilərə və elektrik enerjisi təchizatında ciddi problemlərə səbəb ola bilər. Bu təhlükələrdən yalnız biridir, amma risklər çox müxtəlif ola bilər”, - deyə erməni ekspert bildirib.

Manvelyan əmindir ki, bu təşəbbüs Ermənistanı dəstəkləmək məqsədi daşımır. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan Ermənistanı enerji müstəqilliyini itirməyə məcbur etmək və xüsusilə də Ermənistan Atom Elektrik Stansiyasını bağlamaq istəyirlər.

“Məqsəd aydındır, Ermənistanda yerləşən atom elektrik stansiyasını bağlamaqdır. Onlar Ermənistanı özlərindən asılı vəziyyətə salmaq istəyirlər və burada problem Azərbaycandan daha çox Türkiyə ilə bağlıdır”, - deyə erməni ekspert bildirib.

Müəllif yazıb ki, eyni zamanda Ermənistanın başqa bir variantı da var: əhəmiyyətli enerji resurslarına və atom enerjisi istehsalı texnologiyalarına malik olan Rusiya ilə əməkdaşlıq.

“Rusiya şirkətləri dəfələrlə Ermənistanın enerji infrastrukturunun modernləşdirilməsinə və yanacaq tədarükünə kömək etməyə hazır olduqlarını bildiriblər ki, bu da daxili enerji təhlükəsizliyini möhkəmləndirə bilər.

Analitiklər qeyd edirlər ki, İrəvanın hazırkı siyasəti əks istiqamətdə irəliləyir. Bakı və Ankara ilə enerji əməkdaşlığı qurmaq cəhdləri Ermənistanın enerji sahəsində faktiki olaraq müstəqilliyini itirməsi ilə nəticələnə bilər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Energetika   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin