Ermənistanda hərbi hissədə komandir zabiti döyüb, atəş səsləri eşidilib, artıq 2 ildir hadisə araşdırılır

2024/02/1709191392.jpg
Oxunub: 360     10:36     30 Yanvar 2026    
2023-cü ilin fevralında Göyçə vilayətində yerləşən Axpradzor hərbi hissəsində mübahisə, dava-dalaş və atəş səsləri qeydə alınıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Armlur.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, hadisənin əsas fiquru hərbi hissənin komandiri, polkovnik-leytenant Hayk Asryan olub.

“O, öz kabinetində tabeliyində olan zabitlərdən biri, leytenant Qurqen Çağaryanı döyüb.

Səbəb isə ondan ibarət olub ki, zabit Çağaryan narkotik maddə təklif edib və onu tabeliyində olan müddətli hərbi qulluqçu ilə birlikdə istifadə edib. Bu barədə məlumat hərbi hissənin komandirinə çatdırılıb. Komandir Asryan isə məsələnin həllini öz kabinetində etməyə çalışıb və bu, nəticədə dava-dalaşa çevrilib”, - deyə nəşr bildirib.

KİV qeyd edib ki, nəticədə Asryan kabinetində zabiti döyüb. Bundan sonra isə Çağaryan və onun dostları gecə saatlarında komandirdən qisas almaq məqsədilə hərbi hissəyə gəliblər. Lakin yenidən dava baş verib və komandir Asryan silahdan istifadə edərək atəş açıb.

“Məlumatlara görə, bu hadisə artıq 2 ildir araşdırılır və heç kim cəzalandırılmayıb. Üstəlik, bildirilir ki, hadisədən sonra komandir Asryanı gələcəkdə daha yüksək vəzifəyə təyin etmək üçün yenidən hazırlıq kursuna göndəriblər. Çünki onun hazırkı Müdafiə Nazirliyinin rəhbər heyəti ilə çox yaxşı münasibətləri var.

Biz Ermənistan İstintaq Komitəsinə müraciət etdik. Cavab olaraq bildirildi ki, cinayət işi üzrə ibtidai istintaq davam edir”, - deyə KİV bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Komandir   Zabit  


Bizi "telegram"da izləyin