O, xüsusilə qeyd edib: “Çindən çıxan yükün dəniz yolu ilə, Süveyş kanalı üzərindən Londona çatması 35 gün çəkir, Ümid burnunu dolandıqda isə bu müddət 45 günə çatır. Orta dəhlizlə, dəmir yolu vasitəsilə bu məsafəni cəmi 18 günə qət etmək mümkündür. Biz Bakı-Tbilisi-Qars xəttini başa çatdırmışdıq, indi isə Allahın izni ilə bu il Yavuz Sultan Səlim körpüsündən keçən xətt üzrə tenderi həyata keçirəcəyik, həmçinin Zəngəzur dəhlizi üzrə də tenderi icra etmişik. Onu (Zəngəzur dəhlizini-red.) tamamladıqda, oradan ən qısa yolla türk dünyasına çatacağıq”.
Ermənistanın “168.am” nəşri yazır ki, Ermənistan hakimiyyətinin Zəngəzurdan keçəcək kommunikasiya xəttini “nəqliyyat yolu”, “tranzit marşrutu” və ya hətta TRIPP adı ilə təqdim etmək cəhdləri faktiki olaraq Azərbaycan və Türkiyənin illər ərzində ardıcıl şəkildə qurduğu siyasi-diplomatik dillə rəqabət apara bilməyib.
“Diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistan hakimiyyətinin çoxsaylı addımlarına baxmayaraq, onlar heç bir halda bu terminologiyadan imtina etmədilər. Ümumilikdə beynəlxalq ictimaiyyətin qavrayışında Zəngəzur dəhlizi termini əsas vurğuları ilə möhkəmlənib. Rəsmi İrəvan bununla mübarizə aparmağa çalışdı və demək olar ki, bunu həmin marşrutda Trampın adından istifadə etməklə də edir. Məhz bunun sayəsində Azərbaycan tərəfi bəzən konkret olaraq Ermənistan ərazisindən keçəcək yol üçün TRIPP adlandırmasından istifadə edir.
Xüsusilə vurğulanmalı olan məqam ondan ibarətdir ki, prosesdə ABŞ Prezidentinin iştirakı və rolu olsa da, Türkiyə və Azərbaycan beynəlxalq münasibətlərdə aydın siyasi və hüquqi-siyasi məna daşıyan, xüsusi rejim, çox vaxt nəzarətin məhdudlaşdırılması və maneəsiz keçidi nəzərdə tutan dəhliz terminindən imtina etmirlər. Ermənistan hakimiyyəti, əlbəttə ki, dəhlizin olmadığını, sənədlərin də belə bir məntiq ehtiva etmədiyini bildirir, lakin Bakı-Ankara tandeminin xarici dünyaya əsas mesajı dəyişmir: onlar TRIPP-i türk dünyasının qarşılıqlı bağlılığı kontekstində nəzərdən keçirirlər.
İrəvan suverenliyin, gömrük və sərhəd nəzarətinin qorunmasına diqqət çəkməyə, neytral və ya texniki terminlərdən istifadə etməyə çalışdığı halda, Azərbaycan və Türkiyə beynəlxalq auditoriyanın qavrayış sahəsində işləməyə davam edir. Problem ondadır ki, Ermənistan təklif etdiyi dili beynəlxalq konsensusun bir hissəsinə çevirə bilmədi. Halbuki Zəngəzur dəhlizi anlayışı Bakı və Ankara tərəfindən illər boyu eyni söz ehtiyatı, eyni vurğular və eyni maneəsizlik tələbi ilə dövriyyədə saxlanılıb.
Bu gün faktiki olaraq elə bir vəziyyət yaranıb ki, adlandırmanın özü artıq siyasi mövqe və regional iddiadır. Ermənistan hakimiyyəti nə qədər sözləri dəyişməyə çalışsa da, nəticə baxımından son dərəcə vacib olan beynəlxalq qavrayışın məzmunu dəyişmir.
Bundan əlavə, yaxın vaxtlarda Vaşinqtonda TRIPP sənədinin imzalanmasına və bundan sonra hakimiyyətin Ermənistanın sərhəd mühafizəsi ilə bağlı suveren funksiyalarının qorunduğu barədə iddialarına baxmayaraq, eyni zamanda keçidin asanlaşdırıldığı, bəzi funksiyaların isə “Front office” tərəfindən icra ediləcəyi bildirilir. Cəmiyyətdə isə narahatlıq qalmaqdadır ki, keçid məntəqələrində sərhədçilər Ermənistanın digər sərhədlərində olduğu kimi fəaliyyət göstərməyəcək”, - deyə nəşr bildirib.
Ordu.az-ın məlumatına görə, rusiyalı analitik Viktor Nadeyin-Rayevski bildirib ki, həmin yola Trampın adının verilməsi qısamüddətli təsirə malik məsələdir, çünki Trampın səlahiyyət müddəti bitdikdən sonra bu marşrutun onun adı ilə adlandırılacağı ehtimalı azdır.
Onun fikrincə, daha vacib olan konkret razılaşmalar, sənədlər və həmin sənədlərdə təsbit ediləcək rejimlərdir.
“Tramp hazırda beynəlxalq siyasətdə mühüm fiqurdur, amma ondan sonra nə olacaq, əsas sual budur. Türkiyə bu termindən imtina etməyəcək, çünki bu, onun üçün strateji layihədir və məhz bu ad Türkiyənin regiondakı siyasətini əks etdirir. Təsadüfi deyil ki, bu adlandırma və türk dünyası anlayışı birlikdə istifadə olunur, bu termin türk dünyası ilə bağlı təsəvvürlərin ayrılmaz hissəsidir. Tramp gələ və gedə bilər, amma Türkiyənin strategiyası dəyişmir”, - deyə Rayevski bildirib.
Alpər Mövludoğlu
Ordu.az