Rusiya XİN: Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması Rusiya ilə müttəfiqlik münasibətlərinə təsir göstərəcək

2025/11/1762797577.jpg
Oxunub: 550     04:16     30 Yanvar 2026    
“Ermənistanın Avropa İttifaqı ilə sürətləndirilmiş yaxınlaşması Rusiya ilə müttəfiqlik münasibətləri, eləcə də postsovet məkanında inteqrasiya proseslərinin inkişafı baxımından mənfi nəticələrə gətirib çıxaracaq”.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov bildirib.

İrəvanın Avropa İttifaqına üzv olmaq niyyətini şərh edən Maslennikov qeyd edib ki, Avropa İttifaqının aqressiv hərbi-siyasi ittifaqa çevrilməsi və Rusiyaya qarşı qarşıdurmaya yönəlmiş strateji kursu nəzərə alındıqda, “Ermənistanın bu təşkilata üzv olmağa marağı narahatlıq doğurmaya bilməz”.

“Ümid edirik ki, Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan Brüssel ilə sürətləndirilmiş yaxınlaşmanın həm bizim müttəfiqlik münasibətlərimiz, həm də postsovet məkanında inteqrasiya proseslərinin inkişafı baxımından mümkün mənfi nəticələrini anlayır”, - deyə Maslennikov vurğulayıb.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə departamentinin rəhbəri bir daha təsdiqləyib ki, Rusiya digər dövlətlərin inteqrasiya birliklərində iştirak etmək üzrə suveren hüququna, xüsusilə də “iqtisadi inkişaf üçün əlavə imkanlar əldə etmək və öz əhalisinin rifahını yaxşılaşdırmaq istəyinə” hörmətlə yanaşır.

“Bununla belə, Ermənistan rəhbərliyi Avropa İttifaqı ilə yaxınlaşmanın maksimum səviyyəyə çatdırılmasında maraqlı olduğunu açıq şəkildə bəyan edib. Bu səylərə uyğun olaraq, 2025-ci ilin aprelində Ermənistan prezidenti Vahaqn Xaçatryan parlament tərəfindən əvvəlcədən təsdiqlənmiş “Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanunu imzalayıb”, - deyə Maslennikov xatırladıb.

Beləliklə, Maslennikovun sözlərinə görə, Brüssel artıq İrəvanı siyasi motivli Avropa İttifaqı standartlarını qəbul etməyə fəal şəkildə sövq etməyə başlayıb.

“Bu standartlar Cənubi Qafqaz ölkəsinin Avrasiya İqtisadi Birliyinə üzvlüyünü və bununla bağlı öhdəliklərini fundamental şəkildə nəzərə almır. Fakt dəyişməz olaraq qalır ki, eyni vaxtda həm Avrasiya İqtisadi Birliyinə, həm də Avropa İttifaqına üzvlük tərifinə görə mümkün deyil”, - deyə diplomat bəyan edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin