Keçmiş erməni döyüşçü: “Hərbi xidmətin 1,5 ilə endirilməsi bizə heç bir yaxşılıq gətirməyəcək, bu, populist qərardır”

2026/01/fdg45-1769671666.jpg
Oxunub: 334     11:25     29 Yanvar 2026    
“Ordunun apolitik olması lazımdır” tezisi yalandır, çünki insanın əlində silah varsa, o, ən böyük siyasəti həyata keçirən şəxsdir”.

Ordu.az xəbər verir ki, bunu keçmiş erməni döyüşçü, komandir Arkadi Karapetyan deyib.

“Hərbi təzyiq olmadan heç bir siyasət mövcud deyil. Təəssüf ki, bu gün də belə bir fikir aktual olaraq qalır ki, generallar həmişə əvvəlki müharibəyə hazırlaşırlar. İndi də bir qədər aktiv olan hər kəs pilotsuz uçuş aparatları sahəsində hansısa töhfə verməyə çalışır, halbuki sabahkı müharibə artıq bununla bağlı olmayacaq.

İstərdim ki, elmi-texniki tərəqqinin nə gətirəcəyini daha dərindən araşdırsınlar və müharibədə nədən istifadə edə biləcəyimizi müəyyənləşdirsinlər. Hər bir silah taktikanın dəyişməsinə səbəb olur. Gələcək müharibənin məntiqinə uyğun silahlanmaq lazımdır”, - deyə o bildirib.

Yeni silahların əldə olunmasına toxunan Karapetyan qeyd edib ki, bunlar onun danışdığı yeni nəsil silahlar deyil: “Biz bunların hamısını özümüz edə bilərik. Demirəm ki, bunu elə bu gün etmək mümkündür, amma çox qısa müddətdə təşkil etmək olar. Hazırda edilənlər çox yaxşıdır, amma bu, bizim əldə edə biləcəyimiz səviyyə deyil. Elmi potensialımız çox böyükdür, sadəcə bu potensial pərakəndə vəziyyətdədir.

Məxfilik çox vacibdir, amma hər şeyi məxfiliklə əsaslandırırlarsa, bu o deməkdir ki, həmin xalqla bağlı pis niyyət var. Əgər maraqlı tərəf mənəmsə və məndən nəsə gizlədirsinizsə, deməli, mənimlə yaxşı iş görmək istəmirsiniz. Biz o qədər kiçiyik ki, hansısa bir iş görsək, bunu bilməli olan şəxs mütləq xəbər tutacaq”.

Məcburi hərbi xidmət müddətinin 1,5 ilə endirilməsi qərarına münasibət bildirən Karapetyan deyib ki, bu, Ermənistana heç bir yaxşılıq gətirməyəcək.

“Bu, populist məsələdir. Mən hesab edirəm ki, istənilən adamı 6 ay ərzində superəsgər etmək olar, amma bu gün bizim başqa problemimiz var. Əgər biz 20 milyon olsaydıq, 6 ay xidmətin kifayət etdiyini deyərdim, amma bizim sayımız və sərhədlərimiz belə bir qərar verməyə imkan vermir. Bugünkü şəraitdə belə bir qərar səhv idi. Sabah bəlkə 6 ay da normal ola bilər. Xalqımızın müdafiə strukturu heç nəyə uyğun gəlmir, amma bizdə olan budur”, - deyə o bildirib.

Orduda kadr problemi barədə danışan erməni komandir qeyd edib: “Əgər insanlar xidmət etmir, işləyirlərsə, orada ordu yoxdur. Bizdə insanlar işləyir, çox yaxşı maaş alırlar, komfort şəraitdədirlər, döyüşmürlər, risklərə məruz qalmırlar”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karapetyan   Ermənistan  


Bizi "telegram"da izləyin